Kamal Abdulla Argentina səfiri ilə görüşdü

Kamal Abdulla Argentina səfiri ilə görüşdü

Azərbaycan Dillər Universitetin rektoru, akademik Kamal Abdulla Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinlə görüşüb.

AzerTimes xəbər verir ki, Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib, ona yeni işində uğurlar arzu edib və universitetdə fəaliyyət göstərən bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb.

Rektor Argentina universitetləri ilə əlaqələrin qurulmasında səfirin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün universitetlərarası əlaqələrin qurulması olduqca əhəmiyyətlidir:

“İki ölkə universitetləri arasında təcrübə və mübadilə proqramlarının həyata keçirilməsi mühüm addımlardan biri ola bilər. Bu baxımdan gələcək əməkdaşlıq çərçivəsində təcrübə, mübadilə imkanlarımızı yenidən nəzərdən keçirməliyik. Argentinada fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələrinin qurulması yeni təcrübələrin əldə olunması baxımından olduqca vacibdir”.

Səfir dəvətə və səmimi qarşılanmaya görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, görüşün əhəmiyyətindən söhbət açıb. Qeyd olunub ki, elmi əməkdaşlığın qurulması və dil, mədəniyyət istiqamətində əlaqələrin yüksək səviyyədə davam etdirilməsi baxımından yeni perspektivlər mövcuddur. Həmçinin səfir xanım ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və layihələri davam etdirməkdə maraqlı olduğunu da diqqətə çatdırıb.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova universitetin elmi əlaqələri, ispandilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan danışıb.

Görüşdə xalq yazıçısı Kamal Abdulla Braziliyada portuqal dilində çap olunan “Yarımçıq əlyazma” romanını xanım səfirə hədiyyə edib.

Teqlər: