Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Mingəçevirdə tələbəni qətlə yetirməkdə təqsirləndirilən Kənan Osmanovun barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda təyin ediləcək.

Xatırladaq ki, iyulun 4-ü saat 01 radələrində Mingəçevir Dövlət Universitetinin tələbəsi, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıq və təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Teqlər: