Çeçenistan fövqəladə hallar naziri Əlixan Çakayev avtomobillə yolun əks istiqamətində hərəkət etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı yazıb.
Adının anonim qalmasını istəyən polis əməkdaşlarından biri məlumat verib ki, əks yolla hərəkət etdiyi üçün nazirin olduğu maşın diqqət çəkib və saxlanılıb. Lakin mübahisədən sonra avtomobilinə əyləşən Çakayev nəqliyyat vasitəsini polislərin üzərinə sürsə də, onu yenə dayandırıblar və general-mayor maşından çıxarılıb.
Polisin dediyinə görə, nazirdə hər hansı sənəd olmayıb və sərxoş vəziyyətdə olub.
Ayaqüstə güclə dayanan nazir üstəlik polisləri təhdid edib, hətta onları diz çökdürəcəyi, zorlayacağı ilə hədələyib.
Onu otağa aparıblar və 10 dəqiqə sonra əraziyə Çeçenistanın “Əhməd” xüsusi təyinatlıları gəlib.
Xüsusi təyinatlılar Çakayevi ərazidən uzaqlaşdıran zaman da nazir təhdidlərini dayandırmayıb, o, hər kəsi diz çökdürəcəyini bildirib.