Kadırovu tənqid edən çeçen mühaciri Avropada öldürüldü

Kadırovu tənqid edən çeçen mühaciri Avropada öldürüldü

Dünən (4 iyul) Avstriyanın Gerasdorf-bay-Vin şəhərində yerli vaxtla saat 19:30-da qətl hadisəsi baş verib.

Öldürülən şəxs vaxtilə bu ölkədən siyasi sığınacaq istəmiş çeçen mühacirdir.

Qurbanın üzərindən Rusiya pasportunun çıxdığı bildirilir.

Avstriya polisinin nümayəndəsi Valter Şvartsenekerin mətbuata açıqlamasına əsasən, ölən şəxsin 43 yaşı olub. Onun sözlərinə görə, qatil də Rusiya vətəndaşıdır.

“OE24” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları qətli törədən şəxsi yaxalamağa müvəffəq olublar. Onun avtomobili Lints şəhərində saxlanıb. Həmin adamın həbs zamanı müqavimət göstərmədiyi qeyd olunur.

Azadlıq radiosunun Rusiya bölməsi qurbanın kimliyini də müəyyənləşdirməyə müvəffəq olub. O, Çeçenistan sakini Mamixan Umarovdur. Mamixan Umarov “Youtube” kanalnda “Anzor iz Venı” adı ilə Çeçensitanın hazırkı rəhbəri Ramzan Kadırovu tənqid edən çıxışları ilə tanınıb. Çeçen mübariz burada Rusiya xüsusi xidmət orqanlarının siyasi mühacirləri və keçmiş “İçkeriya Respublikası”na mənsub xadimləri izlətdirdiyini deyirmiş.

Rusiya mətbuatı hadisəni Kadırova bağlayır.

mamixan-ramzan