Bu gün Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə 1-5 avqust tarixlərində keçirilən “Jurnalistlərin münaqişə ərazilərində davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başa çatıb.
AzerTimes xəbər verir ki, bağlanış mərasimində çıxış edən Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimlərin hazırkı şəraitdə böyük praktik əhəmiyyət daşıdığını bildirib. O, bundan sonra da bu məzmunda keçiriləcək təlimlərə Medianın İnkişafı Agentliyinin dəstək verəcəyini vurğulayıb.
Qeyd edək ki, proqram çərçivəsində “Əl-Cəzirə” Media Şəbəkəsinin heyəti tərəfindən Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və İctimai Qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət Təhlükəsizliyi”, “Hava Hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və Xüsusi risklər”, “Praktiki və Təlim Reviziyası”, “Planlaşdırma və Risk qiymətləndirmə Testi”, “Yekun Praktiki Ssenari test” mövzularında təlimlər keçirilib. Təlim zamanı real praktik misallardan istifadə edilməklə, iştirakçılara müvafiq mövzularla bağlı məlumatlar verilib.
Təlim proqramının sonunda müxtəlif media subyektlərindən olan 19 nümayəndəyə sertifikatlar təqdim edilib.