Jurnalistlərin ikinci binasının təsisçisi 685 min manat pulu nəğdləşdirdi, dedim ki, belə etməyək – Təqsirləndirilən şəxs

Xəbər - Samir Əli – AzerTimes:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs Nadir Məmmədov ittihamlarla razılaşmayıb.

“Tikinti vaxtı bizim layihədən kənara çıxmaq səlahiyyətimiz olmayıb. Çünki layihə Fövqəladə Hallar Nazirliyinin Qiymətləndirmə İdarəsi tərəfindən təsdiq olunub bizə gəlirdi. Biz də icra edirdik. Tikinti ərazisi sürüşmə zonasıdır. Ora görə də binanın dayaqları üçün 3 qat artıq torpaq tökmüşdük. Bu da layihədə nəzərdə tutulmamışdı. Odur ki, tikintiyə ayrılan puldan əlavə 3 faiz nəzərə alınmayan xərclər çıxıb.

Binaların tikinti normaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi var. Biz də buna əməl etmişik. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada ziyana getməyimizə baxmayaraq, ən bahalı materiallardan, liftlərdən, oboylardan istifadə etmişik. Bu gün də gedib o evlərə baxa bilərsiz” – deyə o bildirib.

N.Məmmədov bildirib ki, tikinti zamanı bir haldan başqa bütün ödənişlər köçürmə yolu ilə olub.

“Həm materialların alınması, həm də fəhlələrə maaşlarının verilməsi köçürmə yolu ilə olub. Yalnız bir dəfə ikinci binanın tikintisi zamanı təsisçi 685 min manat pulu nəğdləşdirdi. Mən onda dedim ki, belə etməyək. Çünki pulu nəğdləşdirəndə puldan 30 faiz tutulurdu. “Portos” MMC ikinci binanın tikintisində 3,2 milyon ziyana düşüb. Mən orada maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm” – deyə o qeyd edib.

Daha sonra digər təqsirləndirilən şəxslər – KİVDF-nin tədbirlərinin təşkil olunduğu “Altun” və “Xəmsə” restoranlarının icarədarları Təmkin Xəlilov və Valeh Orucov ifadə veriblər.

Proses noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb. Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Teqlər: