Martın 17-də media nümayəndələri işğaldan azad edilmiş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Hadrut qəsəbəsinə gəliblər.
Trend xəbər verir ki, jurnalistlər Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində düşməndən azad edilən Hadrut qəsəbəsi ilə tanış olublar.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyət daşıyırdı. Çünki Cəbrayıldan sonra Hadrutun azad olunması “Dəmir yumruq” əməliyyatının davam etdirilməsi üçün xüsusi önəmə malik idi. Ermənistan ordusunun gözləmədiyi istiqamətdən zərbə vuran şanlı ordumuz Cəbrayıldan sonra Hadrutu, daha sonra Füzulini işğaldan azad etdi.
Hadrutun azad edilməsindən sonra istiqamət Şuşa idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı. Yenə də düşmənin gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşan Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, qayaları yalın əllə dırmaşaraq bu qədim Azərbaycan şəhərini də işğalçılardan azad etdi. Düşmən məcbur olub kapitulyasiya aktını imzaladı və beləliklə, “Dəmir yumruq” əməliyyatı öz hədəfinə çatmış oldu. Əminliklə söyləmək olar ki, qəhrəman Azərbaycan əsgərinin uğurla həyata keçirdiyi Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev martın 15-də Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb.