Jurnalistlər də MİDA-dan ev ala biləcək – Şərtlər açıqlandı

Jurnalistlər də MİDA-dan ev ala biləcək – Şərtlər açıqlandı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

AzerTimes xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.

Bildirilib ki, müvafiq dəyişikliklə, gənc ailə (gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan, ən azı beş il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər və yaşından və ailə vəziyyətindən asılı olmayaraq ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə ediliblər.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. Sənədlərin siyahısı ilə internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən elektron imza və ya “ASAN İmza”dan istifadə edərək “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1 saylı “ASAN Kommunal” mərkəzi, 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Teqlər: