ABU-nun sabiq əməkdaşı, ADU-nun Elmi Şurasında keçirilən professor seçkisində səs almadığı üçün universitetdən kənarlaşdırıldıqdan sonra bu təhsil ocağına və onun rektoru, nüfuzlu alim, ziyalı, akademik, xalq yazıçısı Kamal Abdullaya qarşı kampaniyaya başlayan Həbib Zərbəliyevin iddialarına cavablar genişlənir.
AzerTimes xəbər verir ki, cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən bu ali məktəbdə təhsil alanlar, onların valideynləri, xüsusən tanınmış jurnalistlər öz müşahidələrini bölüşüb, Həbib Zərbəliyevi bu şər və böhtan kampaniyasından əl çəkməyə çağırırlar.
Övladı ADU-da təhsil almış jurnalist Ramilə Qurbanlı yazıb ki, Həbib Zərbəliyev adlı “ziyalı”nı ADU və onun rektoru barədə yazdığı statuslarla tanıyıb:
“Onun sosial şəbəkədəki səhifəsindən qərəz tökülür. Bir adamın ki, bütün “yaradıcılığı” və “elmi araşdırmaları” bir məqsədə yönəlib, deməli qərəzlidir. Bircə mövzusu var – ADU və Kamal Abdullayev.
Qızım o universiteti iki il əvvəl bitirib. Kamal müəllim ADU-ya rektor təyin olunanda (2017-ci il – red.) çox sevindim, həmin il qızım ora qəbul olunmuşdu. Bildim ki, təmiz mühit yaradacaq. Heç bir müəllim bizdən pul istəməyib, bir qəpik də verməmişik, qızım yüksək balla qurtarıb universiteti. Dilşad, Fəxrəddin Veysəlovlar, Gülşən Əhmədova kimi çox gözəl müəllimlərdən dərs alıb. Kamal Abdulla isə müəllimim olub. İllərdir tanıyıram, bir ara rəhbərlik etdiyi idarədə də işləmişəm. Onun yaratdığı mühit həmişə fərqlidir, nümunəvidir, demokratikdir. Başqa universitetlərdə olduğu kimi rektor gələndə dəhlizlərdən tələbələr qovulmur, əksinə, hamı onunla görüşmək üçün çıxır dəhlizə. Tələbənin adamıdır, “istənilən halda tələbə haqlıdır” deyir. O qədər gəncə yüksəlişi, yetişməsi üçün təkan olub ki! İndi də elədir. Onlarla yeni layihələr həyata keçirir, hamısı tələbənin bilik və bacarığının yüksəlməsinə xidmət edir. Kamal müəllimin rəhbərlik etdiyi ocaq qarışqa kimi qaynayır. Orda ya qaynamalısan, ya da qaynar mühit səni kənara atacaq”.
H.Zərbəliyev ona sosial şəbəkə hesabında cavab yazan, ona şər və böhtandan əl çəkməsi üçün çağırış edən ziyalıların şərhlərini də silir. Bununla bağlı jurnalist Arif Əliyev yazıb:
“Həbib Zərbəlyev ona yazdığım cavabı sildirdiyi üçün burada paylaşıram: Çox maraqlıdır ki, bu saxta diplom satılması ilə bağlı “həqiqət carçısı” kimi bir “müqəddəs missiyanız”, cəmiyyətimizi “maarifləndirmək” kimi saxta eşqi-həvəsiniz professor seçilməyəndən sonra meydana çıxmış bulundu. Deməli, professor seçilsəydiniz, susacaqdınız? Halbuki siz Dilçilik İnstitutundan qovulandan sonra, yəni 2014-cü ildə bu yana Kamal Abdullanın “qanadları altında”, onun himayəsində kef-damaqda idiniz – gah burda, gah da İndoneziyada. Yeri gəlmişkən, İndoneziyada da müftə pul almısınız eşitdiyimə görə! Adətkardasınız, başadüşüləndir.
Niyə o vaxtdan bu günə qədər susmusunuz? Bu yalançı faktları niyə məhz indi paylaşırsınız? Niyə bu məsələnin indi “ortaya çıxdığı” gün kimi hamıya məlumdur.
Həbib bəy, camaat uşaq deyil. Ağsaqqal adamsınız, hamını özünüzə güldürürsünüz. Bütün bu çıxartığınız “komediya”nın və özünüzdən məzlum obrazı düzəltməyinizin bircə cavabı var: Maraqlarınız təmin olunmayan kimi “qəhrəman”a çevrildiniz, guya!
Belə yerdə adamın yadına rəhmətlik Tofiq Hacıyevin sözü düşür: “Onda gəl aldığın pulları qaytar geri”. Maraqların təmin olunan vaxta qədər hər şey yaxşı idi, hər yan cənnət idi, indi nəsə xoşuna gəlməyəndə yadına düşdü ki, yox, bura cəhənnəm imiş?! “Halal olsun” sizə ki, cəhənnəmdə bu qədər otura və kef çəkə bilibsiniz. Bu, hər “kişi”nin işi deyil. Bunun üçün ancaq Həbib Zərbəlyev olmaq lazımdır”.
Xatırladaq ki, Həbib Zərbəliyev 2014-cü ildə AMEA Dilçilik İnstitutunda ona tapşırılmış işi yerinə yetirmədiyi üçün əvvəlcə xəbərdarlıq edilmiş, sonra şiddətli töhmət almışdı. İşdən qovulacağını bilən H.Zərbəliyev isə istefa ərizəsi yazmışdı.
Bununla bağlı Dilçilik İnstitutunun ovaxtkı direktoru, mərhum akademik Tofiq Hazıyev açıqlama vermiş, onu bir daha ictimai şəkildə qınamışdı:
“Həbib Zərbəliyevə işləri qaydasına salmaq üçün 1 ay vaxt verilib. İşləri yarıtmadığını, müvafiq proqram üzrə ona tapşırılmış işi yerinə yetirməkdə aciz olduğunu qeyd etsin, ondan sonra işdən çıxmaq ərizəsini imzalayacam. Ərizəsi yazılana qədər işə gəlməsə, ona intizamsızlıq töhməti verəcəm. Monitorinq şöbəsinin rəhbəri olaraq 5 ay maaş alıb, üstəlik institutda baş mütəxəssis kimi işləyərək maaş alıb. O, ya aldığı maaşı dövlətə geri qaytarmalı, ya da işləri yekunlaşdırmalıdır. Əks halda, onu məhkəməyə verəcəyik. Məhkəmə yolu ilə iş gördüyünü sübut etsə, cəmiyyət qarşısında ondan üzr istəyəcəm. H.Zərbəliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ona tapşırılmış işin yerinə yetirməyib.
Həmin şöbənin fəaliyyəti barədə mayın 16-da (2014-cü il – red.) iclas keçirilib. İclasda Həbib Zərbəliyev ona tapşırılan işi yerinə yetirməməsini proqramçıların olmaması ilə əlaqələndirdi. Halbuki institutun proqramçıları var və lazım olsa, yetişdirə bilərik. O isə kənardan yeni proqramçı gətirmək istəyirdi. Üstəlik 1500 manat maaş verilməsi şərti ilə. Biz bunu necə təmin edə bilərik? Bizim proqramçılar 200-300 manat maaş alır. Görünür, kənardan başqa bir şəxsin gəlməsi onun marağında imiş”.
T.Hacıyev bildirmişdi ki, H.Zərbəliyev “Qaynar xətt”in fəaliyyətinin onu qane etmədiyini deyib ki, bu da əsaslı irad deyil: “Çünki problemləri aşkarlamaq üçün yalnız “Qaynar xətt” şikayətləri ilə kifayətlənmək olmaz. Monitorinq şöbəsinin fəaliyyəti təkcə şikayətləri qeydə almaq deyil, dərman, reklam, küçə adlarının monitorinqini aparmaqdır. Məsələn, aptekdəki dərmanların içində yazılar müxtəlif dillərdədir. Monitorinq şöbəsi onların hamısını aşkar edib, tərcümə etməli idi. Bunun üçün də Səhiyyə Nazirliyi ilə, küçələrdə aparılan monitorinqlər üçün müvafiq icra hakimiyyətləri ilə də müqavilə bağlanmalı idi. Bu vaxta qədər isə heç bir təşkilatla müqavilə imzalanmayıb”.