“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin
nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ilə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsi birgə əməkdaşlığa
başlayır.
AzTV-nin Sosial media and ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, martın 4-də “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio
Akademiyası ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
arasında Anlaşma Memorandumu imzalanıb.
Teleradio Akademiyasında keçirilən tədbirdə Akademiyanın rektoru
Telli Əliyeva, prorektor Almaz Nəsibova, BDU-nun Jurnalistika
fakültəsinin dekanı Vüqar Əliyev və kafedra müdirləri iştirak
ediblər.
T.Əliyeva Azərbaycan jurnalistikasının müasir inkişaf
istiqamətlərindən danışıb və jurnalistikanın tərdisində praktik
təlimlərin əhəmiyyətini vurğulayıb. T.Əliyeva jurnalistlərin
peşəkar kadr kimi yetişdirilməsi üçün nəzəri biliklərlə yanaşı,
təcrübi vərdişlərin aşılanmasının zəruri olduğunu deyib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki,
imzalanacaq Memoranduma əsasən, müəllimlər və tələbələr Teleradio
Akademiyasının həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı
qazanacaqlar. Eyni zamanda, Akademiyanın müdavimləri üçün
fakültənin elmi pedaqoji dəstəyi ilə təlimlər, treninqlər
keçiriləcək, birgə dəyirmi masalar, müsabiqələr təşkil olunacaq.
Qeyd olunub ki, sənəddə əməkdaşlığın bütün mümkün variantları
nəzərdə tutulub və birgə tədbirlərin həyata keçirilməsi
jurnalistika tədrisinin inkişafına öz töhfəsini verəcək.
Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir
Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri
professor Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika və
informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirova,
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent
Xatirə Hüseynova Azərbaycan mediasının inkişafı naminə yüksək
peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrların
hazırlığı istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən bəhs
ediblər. Jurnalistika sahəsində yeni elmi tədqiqatların aparılması,
yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və
yazarlarla görüşlərinin təşkili, maarifləndirici tədbirlərin həyata
keçirilməsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda Teleradio Akademiyasının rektoru T.Əliyeva və Jurnalistika
fakültəsinin dekanı V.Əliyev əməkdaşlığa dair sənədi
imzalayıblar.