Jurnalist Orxan Əhmədov 3 il 6 ay azadlıqdan məhrum edildi

Jurnalist Orxan Əhmədov 3 il 6 ay azadlıqdan məhrum edildi

“XeberGlobalTv.Az” xəbər portalının baş redaktoru, özünü jurnalist kimi təqdim edən Orxan Bahəddin oğlu Əhmədov hədə-qorxu ilə pul tələb etməyə görə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılıb.

Orxan Əhmədov Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini Cəmaləddin Abdullayevdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

Belə ki, xəstəxana işçisi olan (daha sonradan oğurluq əməllərinə görə işdən azad edilən) Yeganə Sadıqova Orxan Əhmədova zəng edərək xəstəxanada təmizlik vasitələrinin verilmədiyini, xəstələr üçün nəzərdə tutulan yeməyin kəsildiyini deyib və bunun ictimailəşdirilməsini istəyib.

Orxan Əhmədov bundan sonra Cəmaləddin Abdullayevə zəng edərək bu barədə məlumat verərək, məsələni ictimailəşdirəcəyini deyib.

İttihama görə O.Əhmədov bu məlumatı yaymamasının qarşılığında C.Abdullayevdən 300 manat rüşvət istəyib.

Məhkəmə prosesində Orxan Əhmədov özünü təqsirli bilməyib. C.Abdullayev özü ondan kartını istəyib: “Mənə dedi ki, qardaşın sənə yemək yeməyə pul göndərir. Mən ondan pul istəməmişəm” deyə bildirib.

C.Abdullayev ifadəsində O.Əhmədovdan şikayətçi olduğunu deyib. Bildirib ki, Orxan ondan 300 manat istəyib və qarşı tərəf ondan əl çəkmədiyinə görə 100 manat verəcəyini bildirib. Sonda 150 manata razılaşıblar.

Məhkəmənin hökmü ilə Orxan 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, reket jurnalist Orxan Əhmədov daha əvvəl 4 dəfə dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.