“Jirinovskinin tortu”: Putin nəyə işarə etdi?

“Jirinovskinin tortu”: Putin nəyə işarə etdi?

Putinin Dövlət Dumasında çıxışı zamanı Ukrayna ilə bağlı dedikləri işğalçı ölkənin aqressiyasının açıq şəkildə dilə gətirilməsi ilə yanaşı, Moskvanın nə etmək istədiyini də bir daha aydınlaşdırdı.

“Jirinovskinin öncəgörmələri biliklərə əsaslandığı üçün gerçəkləşdi” deyir Putin və bununla Dumanın zalında əyləşən Rusiya Liberal Demokratik Partiyası fraksiyasına “jest” edir, amma işğal ediləcək Ukraya ərazisinə də yenidən işarə vurur.

Üç il öncə – 2019-cu ildə Jirinovski Ukrayna xəritəsinin əks olunduğu tortun bir hissəsini kəsir, bununla Ukraynanın şərq bölgəsinin işğal ediləcəyi mesajını verirdi. Siyasi təlxək kimi tanınan Jirinovskinin “tort kəsmə mərasimi” də növbəti şou olaraq qarşılandı, hərçənd, üzərindən üç il keçəcək, Putin Ukrayna tortundan kəsilən hissəni yemək üçün hərəkətə keçəcəkdi.

Rusiya prezidentinin Jirinovskini “ehtiramla xatırlatması” da Ukraynanın cənub-şərq hissəsini işğal etməyənə qədər dayanmayacaqları mesajının verilməsidir. Kiyevin mühasirəsindən imtina edərək, qoşunları cənub-şərqə çəkən Rusiya Donbası tamamilə ələ keçirəcəklərini elan etmişdi, hazırda müharibə meydanındakı situasiyaya baxdıqda da hədəf belə görünür.

Lakin burada maraqlı məqam Jirinoviskinin “Ukrayna tortu” ilə Ukrayna torpağında davam edən müharibənin gedişi arasındakı fərqdir.

Jirinovski tortu kəsərkən Dneprin şərq sahillərini “doğramışdı”. Müharibə başlayanda Kiyevə hücuma keçən Putinin də hədəfi belə görünürdü, amma ya taktiki dəyişiklik, ya verdikləri itkilər üzündən Donbasa doğru çəkildi. Və Putinin dünən Jirinovskini xatırlaması “Rusiya cəbhəni yenidən genişləndirə bilərmi” sualını da aktuallaşdırır.

Döyüş meydanında vəziyyətlə bağlı açıq mənbələrin məlumatı bunun çətin olduğunu deməyə əsas verir. Ruslar Donbası tamamilə işğal edib, “mövqe döyüşü”nə keçmək, bununla həm də Ukrayna masasını qurmaq istəyir və proseslərin bu xətt üzrə inkişafı Moskvaya Qərblə danışıqlar aparmaq, sanksiyaların səngiməsinə nail olmaq imkanı da verə bilər.

“Ukrayna tortu”nun yada düşməsinə səbəb olan Putin isə hadisələrin iki inkişaf istiqamətinə dair işarələr verir:

a) “Qərb bizimlə son ukraynalıya qədər döyüşmək istəyir, bu, Ukrayna xalqı üçün faciədir, amma deyəsən, hər şey buna doğru gedir” deyir;

b) Əlavə edir ki, “Rusiya Ukraynada hələ ciddi heç bir şeyə başlamayıb”.

Bu, Rusiya prezidentinin “strateji çəkindirmə” rotirokası da ola bilər: Putin ukraynalılara “müharibədən çəkinin”, qərblilərə “hər şey qabaqdadır” demək və əks cəbhənin geri addım atmasına nail olmaq istəyir.

Amma Putinin “biz hələ ciddi heç bir şeyə başlamamışıq” sözləri “Rusiya daha nə edə bilər” sualını da önə çıxarır:

– Cəbhəni genişləndirə, Dneprin şərqini ələ keçirmək planını yenidən işə sala bilər: bu ehtimal mövcud şəraitdə zəifdir;

– Ukraynaya hücumda daha ağır silahlardan, xüsusilə ballistik raketlərdən istifadəni genişləndirə, bununla Ukrayna rusların istədiyi “kapitulyasiyaya” məcbur edilə bilər.

Hərçənd, nə qədər inandırıcı görünməsə, yaxud inanmaq istəməsək də, “hələ heç bir ciddi işə başlamamışıq” deyən Putinin taktiki nüvə kartını oynaya biləcəyi də mümkün gözləntilər arasındadır.

Teqlər: