Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən “İzahlı dini terminlər lüğəti” nəşr olunub.
Lüğət Azərbaycan İlahiyyat İnstitutu müəllim heyəti tərəfindən hazırlanıb. Terminlər əlifba sırası ilə verilib, lüğəvi və terminoloji mənaları izah edilib.
Qeyd edək ki, lüğət hazırlanarkən yalnız İslam dini ilə əlaqəli terminlərin deyil, həmçinin digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap olunmuş elmi-dini ədəbiyyatlardan istifadə olunub. Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə də təfsir, hədis, fiqh, kəlam, təsəvvüf, fəlsəfə, tarix, antropologiya, dinlər tarixi, din sosiologiyası, din psixologiyası, din fenomenologiyası və başqa sahələrdəki kitablardan istifadə olunub.
Qeyd edək ki, ölkəmizdə hər il din sahəsində çox sayda əsər nəşr olunur. Dini nəşrlərin elmi və linqvistik keyfiyyətinin artırılması üçün vahid terminologiyanın yaradılması vacibdir. Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı “İzahlı dini terminlər lüğəti” məhz bu zərurətdən irəli gəlib.
“İzahlı dini terminlər lüğəti”nin dini terminologiya sahəsindəki tədqiqatlara töhfə verəcəyinə inanırıq.