İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”
keçiriləcək. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev
Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və
“Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçiriləcək
tədbir saat 15:00-dan 18:00-dək davam edəcək. Əraziyə giriş sərbəst
olacaq. Festivalda uşaq evlərinin sakinləri və internat
məktəblərinin şagirdləri də iştirak edəcək.

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil
olunacaq festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm
də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına,
layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini
yönəltmək məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə
və maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşaq öz
marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə,
istedadını nümayiş etdirə biləcək. Parkın ərazisi müxtəlif mövzular
və əyləncə növləri üzrə bölünəcək. Belə ki, idmansevərlər üçün mini
turnirlər, yarışlar, interaktiv oyunlar təşkil ediləcək, şahmat
yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti
yaradılacaq. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün
ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim
ediləcək. Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv
dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biləcəklər.
Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış
apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar
etmək fürsəti qazanacaqlar. Mini fermada isə heyvanlarla ünsiyyət
qurmaq imkanı yaradılacaq.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar
üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edəcək. Art zona,
kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert
proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək
anlar yaşadacaq. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara
müxtəlif hədiyyələr təqdim olunacaq.

Beləliklə, sabah Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm
də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına veriləcək və
unudulmaz bayram sevinci yaşanılacaq.

Teqlər: