İyirmi ölkədən beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər edib

Fevralın 16-da 20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq
səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfər edib.

Trend xəbər verir ki, fevralın 18-dək davam edəcək səfər Yer
kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu
sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyənləşdirən dünya
miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə həyata keçirilir.
ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya,
İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və
Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt,
Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın
mədəniyyət paytaxtı Şuşadan başlayıb.

Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq
səyahətçilər Ağdamda olub. Tanınmış fotoqraf Reza Deqati Ağdamın
dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış
edib. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat
yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam
etdirilir.

Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər
edəcək, törədilmiş urbisidi öz gözləri ilə görəcəklər. Həmçinin
Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində
tanış olacaqlar. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini
Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.

Heyətə “NomadMania” klubunun yaradıcısı və rəhbəri, dünyanın
1301 regionundan 1252-də olaraq dünya rekordçusu olan Harry
Mitsidis (https://nomadmania.com/master/ALL/0/1/20/0)
rəhbərlik edir.

Xatırladaq ki, beynəlxalq səyahət klublarının (ETIC – Extremal
Travellers International Congress, MTP – Most Traveller People, TCC
-Travelers’ Century Club, “Nomadmania”) rəhbərləri bir qrup
səyyahla birgə ilk dəfə 2021-ci il sentyabrın 27-də azad edilmiş
ərazilərə səfər etmişdilər. On bir ölkədən olan heyət o vaxt
kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Füzuli Beynəlxalq
Hava Limanına enmiş, azad edilmiş ərazilərdə olmuş və dağıntılara,
quruculuq işlərinə şahidlik etmişdilər. Bu dəfə isə səyyahların
təmsil olunduğu ölkələrin coğrafiyası 2 dəfə böyüyüb.

Dünyaşöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır
döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan
işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi Zəfərin
daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən
Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi
böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və
turizm elitasının Qarabağa, Şərqi Zəngəzura, o cümlədən Zəngəzur
dəhlizinə getdikcə artan marağını ifadə edir.

Teqlər: