İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var – Agentlik sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bu gün işə ehtiyacı olanlarla işçi qüvvəsinə ehtiyacı olan sahələrin kəsişmə nöqtəsi düzgün deyil. Bu da əsas problemlərdəndir. Buna görə vacib məsələ bu kəsişmə nöqtəsini düzgün tapmaqdır.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu gün informasiya texnologiyaları, mühəndis, xidmət sahələri üzrə kifayət qədər çox işçiyə ehtiyac var:

“Digər tərəfdən, başqa istiqamətlər üzrə kifayət qədər çox sayda işaxtaranlarımız var. Bunlar daha çox fəhlə, mühafizə, yəni daha çox ixtisassız sahələr üzrə işçi qüvvəsidir”.


M.Abbasbəyli qeyd edib ki, həssas qrupdan olan insanların məşğulluğunun təmin olunması ilə bağlı hökumətə yeni tövsiyələr hazırlanır.

Agentlik sədri qeyd edib ki, həssas qrupdan olan, yəni məşğulluğunun təmin olunması nisbətən çətin olan kateqoriyaların işlə təmin olunması istiqamətində addımlar atılmalıdır:

“Biz bu istiqamətdə köklü addımlar atmağı hədəfləyirik. Son bir ildə bununla bağlı kifayət qədər böyük işlər görülüb. Ümid edirəm ki, yaxın vaxtlarda bunun nəticələri özünü büruzə verəcək. Biz Təhsil Nazirliyi ilə birlikdə yaxın bir neçə ildə hansı peşələrin aktual olacağı, vətəndaşlarımızı hansı istiqamətə yönləndirməklə bağlı hökumətə təqdim etmək üçün tövsiyələr hazırlayırıq”.

Teqlər: