Bülbül prospektindəki çoxillik ağacların kəsilib, yerində parkinq təşkil edilməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Olayda adı hallanan Azərbaycan Kinematoqrafçılar İttifaqı məsələyə aydınlıq gətirib.
AzerTimes xəbər verir ki, ağaclara vurulan ziyanla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı heç bir məsuliyyət daşımır.
“Son iki gündə Bülbül prospektindəki çoxillik ağacların kəsilməsi ilə bağlı sosial mediada Azərbaycan Kinematoqrafçılar İttifaqının adı hallanır. Hətta bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu məsələ ilə bağlı ofisimizə zəng də daxil olub. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisi Həsən Seyidbəyli küçəsi 18-də yerləşir və ağaclara vurulan ziyanla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı heç bir məsuliyyət daşımır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələdən xəbərdar olduqlarını araşdırma aparıldığını bildirib.