İtkin düşmüş daha iki hərbi qulluqçu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində tapılıb və hər birinin şəxsiyyəti müəyyənləşdirilərək nəşlərinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.
Bu barədə AzerTimes-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətləri müəyyənləşdirilməklə doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
İtkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Həsrətov Elməddin Sərdar oğlunun və əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilərək aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülüb.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!