İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinə bağlı məşhur “EURACTIV” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin “Münaqişənin bitməsindən altı ay sonra Cənubi Qafqaz: Avropa üçün çağırışlar” sərlövhəli məqaləsi dərc olunub.
AzerTimes-ın məlumatına görə, müəllif Ermənistan və Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan Rusiya, Ermənistan Azərbaycan arasında üçtərəfli Bəyanatın imzalanmasından keçən 6 aydan sonra hazırkı vəziyyəti təhlil edir. Məqalədə Azərbaycan torpaqlarının 30 illik Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son verildiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da daxil olmaqla, azərbaycanlıların öz ərazilərinə qayıtması, Azərbaycanın Naxçıvanla infrastruktur əlaqəsinin qurulması da daxil olmaqla, bölgədəki bütün kommunikasiya xətlərinin açılmasına şərait yarandığı bildirilir. Hazırda əsas diqqətin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yönəldiyi qeyd olunaraq bu işlərin həyata keçirilməsi üçün əsas problemin münaqişənin təsirləndiyi ərazilərdə Ermənistanın işğalından miras qalmış böyük bir mina probleminin mövcud olduğu vurğulanır. “Bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda minanın partlamasının qurbanları olan ikisi jurnalist olmaqla üç azərbaycanlı mülki şəxsin ölümü və daha dörd nəfərin yaralanması kifayət böyük əks-sədaya səbəb oldu. Müharibə bitdikdən sonra partlayıcı qurğular səbəbindən azərbaycanlılar arasında ölüm və yaralananların ümumi sayı, əksəriyyəti mülki şəxslər olmaqla 144 nəfərdir. Erməni işğalçı qüvvələrinin basdırdığı minalar azad olunmuş ərazilərdə mülki həyatın bərpası üçün ən böyük təhlükədir”, deyə məqalədə qeyd olunur.
Müəllif bildirir ki, hesablamalara görə torpaqların minalardan təmizlənməsi üçün təxminən 10 il vaxt tələb oluna bilər və işğal dövründə həmin ərazilərə maddi əhəmiyyət kəsb edən böyük ziyan dəymişdir və burada yollar, enerji və su infrastrukturları, heç bir iqtisadi fəaliyyət yoxdur. Habelə 1992-94-cü illər müharibəsində evlərindən didərgin düşmüş vaxtikən sayı 750 min, hazırda isə 1 milyona yaxın olan azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması yenidənqurma işlərinin keyfiyyəti və intensivliyindən asılıdır.
Məqalədə qeyd olunur ki, tərəflər arasında iyunun 12-də Ağdam rayonu ərazisində 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin Ermənistana təhvil verilməsinə dair yeni bir razılaşma əldə edildi. “Ermənistan hökumət nümayəndələrinin Azərbaycana təqdim edilmiş xəritələrin ümümi minalanmış ərazi xəritələrinin yalnız kiçik bir hissəsi olduğunu etiraf etməsi, mina probleminin tam həlli üçün hələ çox səy göstərilməsinə ehtiyac olduğunu nümayiş etdirir”, deyə müəllif vurğulayır.
Azad edilmiş ərazilərdə yenidənqurma işləri üçün Azərbaycan hökuməti tərəfindən ilkin olaraq təqribən 1 milyard dollar ayrıldığını, lakin ərazilərin işğal dövründə tamamilə məhv edildiyini nəzərə alaraq, bölgədəki infrastrukturun yenidən qurulması üçün daha böyük vəsaitə ehtiyac olduğunu deyən müəllif bu məsələdə Avropanın özünün əməkdaşlıq strukturları, şirkətləri, siyasi təşəbbüsü ilə güclü bir rol oynaya biləcəyini bildirir. “Sirr deyildir ki, beynəlxalq hüququn Bakının tərəfində olmasına baxmayaraq, əsasən Fransanın açıq şəkildə ermənipərəst mövqeyi səbəbindən 44 günlük müharibə zamanı Avropa hər hansı bir istiqamətdə mövqe göstərməyib. Yenidənqurma prosesinin ön sıralarında vəziyyətə obyektiv yanaşan dövlətlərin – Türkiyə, Böyük Britaniya və İtaliyanın şirkətlərinin olması da eyni dərəcədə aydındır”, deyə məqalədə qeyd olunur.
Müəllif azad edilmiş ərazilərdəki ilk yenidənqurma layihələrində italyan şirkətlərinin iştirakından məmnunluğunu, İtaliyanın Azərbaycanın Avropadakı ən böyük müttəfiqi olduğunu və iki ölkə arasındakı strateji tərəfdaşlığın TAP qaz kəmərinin reallaşdırılması və Xəzər qazı üçün strateji mərkəz olaraq İtaliyanın seçilməsi ilə möhkəmləndiyini bildirir. Habelə ortaq xarici və təhlükəsizlik siyasəti naminə Avropa Birliyinin bölgədəki sabitləşdirici amil olaraq yenidən işə başlamasının vacibliyini qeyd edir.
“Bu mərhələdə Avropa atın gedişi rolunu oynaya bilər. Avropa İttifaqı ayrılıqları qətiyyətlə və beynəlxalq hüquqa tam uyğun şəkildə aradan qaldıran bir mövqe sərgiləyərək SSRİ-nin dağılmasından miras qalan yaraları əbədi olaraq sağalda biləcək addımların təşviqatçısı ola bilər. Bundan başqa, Bakı və İrəvanla iş birliyi ilə Avropa İttifaqı özünün böyük elmi, texnoloji, əməkdaşlıq və sosial birlik irsini gətirməklə yenidənqurma işlərində aparıcı rola malik ola bilər. Özü də Avropanın gələcəyi üçün getdikcə daha strateji olan bir bölgədə”, deyə müəllif məqaləsini bu fikirlərlə tamamlayır.