“Azərbaycan hər zaman İtaliya ilə münasibətlərdə sədaqət və şəffaflıq nümayiş etdirib və İtaliya üçün beynəlxalq siyasətdə müstəsna əhəmiyyətə malik tərəfdaş etimadına malikdir”.
Trend xəbər verir ki, bu fikirlər İtaliyanın Kalabria Regionunun qanunvericilik orqanı olan Kalabria Regional Şurası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan addımların atılması üçün İtaliya hökumətinə müraciət sənədin”də qeyd olunub.
Kalabria Regional Şurasının üzvü Vito Pittaronun təşəbbüsü ilə Şura tərəfindən qəbul edilmiş sənəddə bildirilir ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır və bu bölgə Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş, həm Dağlıq Qarabağdan, həm də ətraf 7 rayondan bütün azərbaycanlılar qovulmuşdur. Qeyd olunur ki, BMT-nin TŞ-nın və Baş Assambleyasının müvafiq qətnamələrində, digər beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu təsdiqlənmiş, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığına hörmət ifadə edilmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılması və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması tələb edilmişdir.
Sənəddə ötən ilin sentyabrın 27-də yeni müharibənin alovlandığı, 44 gün davam edən hərbi əməliyyatların 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı və atəşkəsə nail olunması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan üçtərəfli bəyanatın imzalanması ilə başa çatdığı bildirilir. Habelə 11 yanvar 2021-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatın bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və tikintisi üçün atılacaq addımları nəzərdə tutduğu qeyd olunur.
Sənəddə məsələyə münasibətdə İtaliyanın mövqeyinə də toxunularaq, 2020-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında, BMT və ATƏT-in müvafiq sənədlərinə uyğun olaraq sülh yolu ilə nizamlanmasını dəstəklədiklərinin qeyd olunduğu bildirilir. 10 noyabr üçtərəfli bəyanatı üzrə öhdəliklərə əməl edilməsinin vacibliyi ilə bağlı 11 noyabr 2020-ci il tarixində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin açıqlama verdiyi, 18 noyabr 2020-ci il tarixində isə İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının qətnamə qəbul etdiyi də vurğulanır.
Kalabria Regional Şurasının qəbul etdiyi sənəddə, həmçinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığına da toxunulur, “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin Azərbaycan və İtaliya arasında qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, tərəflər arasında müdafiə, enerji, nəqliyyat, logistika kimi strateji sahələrdə əlaqələrin, beynəlxalq təşkilatlar kontekstində əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti kimi məqamları da əhatə etdiyi bildirlir.
Habelə qeyd olunur ki, Azərbaycan və İtaliya arasında getdikcə daha da güclənməkdə olan iqtisadi və ticarət əlaqələri mövcuddur, Azərbaycanda çoxsaylı italyan şirkətləri və iş adamları fəaliyyət göstərirlər, iki ölkə arasındakı ticarət dövriyyəsi İtaliyanın Cənubi Qafqaz bölgəsi ilə ümumi ticarətinin 92%-ni təmsil edir, Azərbaycan İtaliya üçün əsas neft tədarükçüsüdür və Cənub Qaz Dəhlizinin bir hissəsi olan yenicə istismara verilmiş TAP boru kəməri Azərbaycan təbii qazının Avropa bazarına çatdırılması ilə yanaşı, İtaliyanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üçün əhəmiyyətə malikdir. Sənəddə, habelə vurğulanır ki, Azərbaycan və İtaliya mədəniyyət, akademik, elmi və texnoloji sahələrdə, xüsusilə də Azərbaycanın İtaliyada dəstəklədiyi müxtəlif layihələr vasitəsilə tarixi, mədəni və mənəvi irsin qorunması sahəsində mükəmməl əlaqələr qurmuşlar, eləcə də iki ölkə arasında bu yaxın münasibətlər pandemiyanın ağır mərhələsində Azərbaycanın İtaliyaya dəstəyi ilə də özünü büruzə verib.
Sənəddə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin başa çatması və Azərbaycanın ərazilərinin azad olunması ilə bu ərazilərdə infrastrukturun yenidən qurulması üçün strateji planın həyata keçirilməsi bölgədə inkişafa və normallaşma proseslərinə yol açıb ki, bütün bunlar da italyan şirkətləri üçün yeni və əhəmiyyətli iqtisadi və ticarət imkanları yaradır.
Bütün yuxarıda qeyd olunanlardan irəli gələrək, Kalabria Regional Şurası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında sülh yolu ilə həll edilməsini dəstəkləyən və İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və İtaliya hökumətini tərəfləri 10 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanatlardakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir.
Habelə Kalabria Regional Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret fəaliyyət planı hazırlamağa və İtaliya üçün aparıcı tərəfdaş olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri təşviq etməyə çağırır.
Qeyd edək ki, Kalabria Regional Şurası ilə yanaşı, İtaliyanın ümumilikdə iyirmi şəhər və bələdiyyələri də oxşar sənədlər qəbul ediblər.