İtaliyanın AGİ xəbər agentliyi “Ruhlar şəhəri” Ağdamdan bəhs edən məqalə yayıb

İtaliyanın AGİ xəbər agentliyində “Dünyanın ən böyük “Ruhlar şəhəri” Ağdama səyahət” sərlövhəli məqalə dərc olunub.

Trend xəbər verir ki, məqalə jurnalist Cüseppe Didonnanın Ağdama səfəri və orada gördükləri əsasında qələmə alınıb. Müəllif qeyd edir ki, 1200 il ərzində bölgənin mühüm mərkəzi olan şəhər, on illər ərzində davam edən Qarabağ münaqişəsinin rəmzinə çevrilib.

Ağdamın hazırkı vəziyyətini əks etdirən fotoların yer aldığı məqalədə müəllif yazır: “Qafqazın Xirosiması” adlandırılan Ağdamın vahiməli mənzərəsini seyr etdikcə inana bilmirsən ki, VIII əsrdə əsası qoyulan bu şəhərdə 30 il bundan əvvəl 60 min insanın yaşayıb. Təsəvvür etmək olmur ki, Azərbaycanın ən məşhur futbol klublarından biri olan “Qarabağ” bir zamanlar oyunlarını bu şəhərdə keçirib”.

C.Didonna məqaləsində Ağdamın dağıdılmış vəziyyətini təsvir edir. O yazır ki, Ağdamda indi hər şey müharibəni xatırladır, heç bir həyat nişanəsi yoxdur. Dram Teatrının fasadı və birinin içində donuzların saxlanıldığı iki məsciddən başqa şəhərdə heç nə qalmayıb. Məscidlər də təhqir olunub, orada donuz saxlanılıb.

Qeyd edilir ki, Ağdamda qəbiristanlıqlar sistemli şəkildə talan edilib. Əsgərlər, nizamsız silahlı birləşmələr və muzdlular vəfat etmiş insanların qızıl dişləri oğurlamaq üçün cəsədləri qazıb çıxarıb, qəbirləri dağıdıblar.

Ağdamın strateji əhəmiyyətinə toxunan müəllif yazır ki, məhz bu amilə görə şəhər Ermənistan ilə Azərbaycan arasında 1992-ci ildə başlayan müharibənin mərkəzinə çevrilib. Ağdamın şəhər mərkəzinin fəal döyüş əməliyyatlarından kənar qaldığını diqqətə çatdıran müəllif bildirir ki, məhz sonrakı illərdə Ermənistan bu şəhəri yerlə-yeksan edib, onu dünyanın ən böyük “Ruhlar şəhəri”nə çevirib.

İllərdir rəsmi Bakı üçün əlçatmaz olan Ağdam 44 davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qaytarıldıqdan sonra jurnalistlərin oraya girişi təmin olunub. “Qafqazın Xirosiması”nın bu günü kimyəvi maddələrin yayılması ilə deyil, hər yerə səpələnmiş minlərlə mina səbəbindən həyatın mümkün olmadığı ürəksıxan bir mənzərəni xatırladır.

Müəllif qeyd edir ki, “Qafqazın Xirosiması”nda hidrogen bombası partlamayıb, amma müharibə eyni şiddətdə dağıntılara, həmçinin etnik və dini kinin yaratdığı nifrətin nəticəsi olan ölümün həyat üzərində ən yüksək səviyyədə qələbəsinə gətirib çıxarıb.

Teqlər: