İtaliyanın cənubundakı Apuliya regionunda baş verən meşə yanğını nəticəsində bölgədən 1200 turist təxliyə olunub.
AzerTimes xəbər verir ki, Baia San Feliçe meşəsində əlçatmaz ərazidə yayılan alov güclü külək səbəbindən mindən çox insanın yaşadığı məntəqələrə doğru irəliləyir. Hadisə yerinə yanğınsöndürən təyyarə və helikopterlər, eləcə də mülki müdafiə qüvvələri və könüllüləri cəlb edilib.
Yanğının geniş əraziyə yayılması ilə əlaqədar yanğınsöndürənlər ehtiyat tədbiri olaraq yaxınlıqdakı Baia dei Kampi bölgəsində təxminən 1200 nəfərin təxliyə edilməsi barədə qərar veriblər. Avtomobili olmayan turistlər dəniz yolu ilə qayıqlarda daşınır və bəziləri Vieste bələdiyyəsində idman zalında yerləşdirilir.
Baia dei Kampi yanğının baş verdiyi yerdən təxminən bir kilometr uzaqlıqdadır.