İnsanların sıx toplaşdığı ərazilər istisna olmaqla, İtaliyanın bütün ərzində açıq havada məcburi maska taxma tələbi ləğv edilir.
Trend xəbər verir ki, İtaliyanın səhiyyə naziri Roberto Speranzanın müvafiq sərəncamı fevralın 11-dən qüvvəyə minəcək.
Qeyd olunur ki, artıq açıq havada maska taxma məcburi deyil, lakin fərdi qoruyucu vasitələrin qapalı məkanlarda istifadəsi qaydası martın 31-dək qüvvədə qalacaq. Bu qayda altı yaşınadək uşaqlara, tibbi vəziyyəti maskadan istifadə etməyə icazə verməyən şəxslərə və idmanla məşğul olanlara şamil edilmir.
Martın 31-də İtaliyada pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimi başa çatır. “La Repubblica” qəzetinin məlumatına görə, mart ayından etibarən stadionların 100% azarkeşləri qəbul etməyə başlaya bilər.