İtaliyada ilk dəfə olaraq gündəlik koronavirusa yoluxanların sayı 100 mini ötüb

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 126 888 nəfərə çatıb, bu da ölkədə pandemiyanın başlandığı tarixdən ən yüksək göstəricidir.

AzerTimes-ın məlumatına görə, Səhiyyə Nazirliyi cümə axşamı bildirib ki, son 24 saat ərzində 1,1 milyondan çox test aparılıb.

Sutka ərzində 156 nəfər koronavirus səbəbindən dünyasını dəyişib, pandemiya başlayandan ölkədə ölənlərin ümumi sayı 137 mini ötüb, yoluxanların ümumi sayı 6 milyona yaxınlaşıb, 5 milyondan çox insan sağalıb.


Yanvarın 10-dan İtaliya hökuməti ölkədə peyvənd və ya koronavirusdan sağalmaq haqqında arayış əsasında verilən “super-covid sertifikatı”nın istifadəsini genişləndirir. Bu sənəd yerli və regional ictimai nəqliyyat da daxil olmaqla nəqliyyatla səyahət üçün tələb olunacaq. Belə sertifikat otellərdə, festival və yarmarkalarda, hovuzlarda və sağlamlıq mərkəzlərində də tələb olunacaq.