İtaliya Senatında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfransda “Barışıq üçün etiraf et” təşəbbüsünün Roma Koalisiyası yaradılıb (FOTO)

Xocalı soyqırımı qurbanlarının anılmasının 30-cu ildönümü
çərçivəsində 1 mart 2022-ci il tarixində İtaliya Senatının mətbuat
konfransı zalında “Etiraf yolu ilə barışıq: sülh quruculuğu və
keçid ədaləti” mövzusunda konfrans keçirilib. İtaliya parlamentinin
üzvləri, insan hüquqları təşkilatlarının, akademik və media
çevrələrinin nümayəndələrinin iştirak etdiyi tədbir İtaliya
Senatının “İrəli, İtaliya” partiyasından olan üzvü, İtaliyanın
Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament
nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun
təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki
Komitəsi ilə birgə təşkil olunub.

Trend xəbər verir ki, konfrans iştirakçılarını salamlayan
senator Urania Papatheu sözü ilk növbədə İtaliya Deputatlar
Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq
Assosiasiyasının sədri, deputat Rossana Boldiyə verib. 44 günlük
Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinə səfərini və şahidi olduğu dağıntıları xatırladan
deputat R.Boldi müharibənin artıq arxada qaldığını, sülh və dialoq
vaxtının gəldiyini və hazırkı tədbirin bu prosesə böyük töhfə verə
biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra təşəbbüs barədə məlumat verən senator Urania Papatheu
Xocalıda baş vermiş hadisələri xatırladaraq orada törədilmiş
vəhşiliklərin İtaliyada da soyqırımı cinayəti kimi tanınmalı
olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Senator öz
çıxışında etiraf və keçid ədalətinin sülh və təhlükəsizliyin
dəstəklənməsi, beynəlxalq insan hüquqları hüququ pozuntularının,
xüsusilə də soyqırımının qarşısının alınması üçün mühüm əhəmiyyət
daşıdığını vurğulayıb.

Konfransda çıxış edən İtaliya İnsan Hüquqları
Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio
Stanqo Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 63-ü uşaq,
106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin vəhşicəsinə qətlə
yetirildiyi, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz
qaldığı, 150 nəfərin itkin düşdüyü, onlarla ailənin bütövlüklə məhv
edildiyi, çoxsaylı körpələrin hər iki valideynindən məhrum olduğunu
qeyd edib, Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən
Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması
haqqında Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif
edildiyini ifadə edib.

A.Stanqo 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərini
azad etməsinə baxmayaraq Xocalıya ədalətin hələ tam bərpa
olunmadığı, həm Azərbaycan, həm də Ermənistan liderlərinin “yeni
səhifə açmaq” və “regionda sülh erası”na başlamaq niyyətlərini
bəyan etdiklərini nəzərə alaraq, hazırkı tədbirin məqsədinin
etiraf, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin
kölgəsini aradan qaldırmağa kömək etmək üçün güclü beynəlxalq
vasitəçiliyi araşdırmaq olduğunu qeyd edib. Bu xüsusda, professor
A.Stanqo 23 fevral 2022-ci il tarixində ATƏT-in Vyanadakı baş
qərargahında keçirilmiş iclasda elan olunmuş Soyqırımı və kütləvi
vəhşiliklərin qarşısının alınması üzrə Budapeşt Mərkəzinin “Barışıq
üçün etiraf et” təşəbbüsünü alqışladığını bildirib və bu təşəbbüs
barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda daha sonra Avropa Müsəlmanlarının Sosial Birlik
Təşəbbüsünün Baş katibi, Danimarka İnsan Hüquqları İnstitutu
şurasının üzvü Başi Qureyşi, Vicdan azadlığı Uğrunda Dərnəklərin və
Fərdlərin Koordinasiyasının prezidenti Thierry Valle (Fransa) və
Bursa Uludağ Universiteti rektorunun müşaviri, Universitetin
beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in
keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent
Şenay (Türkiyə) çıxış edib.

Çıxış edənlər təşəbbüsün Xocalı soyqırımının Ermənistan
tərəfindən etirafı, azərbaycanlılarla ermənilər arasında birbaşa
dialoqa yardım edilməsi, münaqişə ilə bağlı acı xatirələri aradan
qaldıraraq birlikdə Cənubi Qafqazda barışıq və dayanıqlı sülh
yollarının tapılması kimi məqsədlərinə nail olmaq üçün Xocalı
faciəsinin 30-cu ildönümü ili ərzində davamlı olaraq fəaliyyət
göstərəcəklərini bildiriblər.

Konfransda, həmçinin vurğulanıb ki, Avropanın və dünyanın
üzləşdiyi misli görünməmiş çağırışlar dövründə vətəndaş cəmiyyəti
üzvlərinin bu cür təşəbbüsləri planetin münaqişə təhlükəsinin,
xüsusən də münaqişədən sülhə keçilməsi imkanlarının olduğu yerlərdə
azaldılması üçün son dərəcə əhəmiyyətlidir.

Konfransın sonunda “Barışıq üçün etiraf et” təşəbbüsünü
dəstəkləyən Avropa təşkilatlarının Koalisiyası elan edilib və
çıxışçılar, eləcə də tədbirdə iştirak edən bir sıra italyan
parlamentarları və digər iştirakçılar tərəfindən rəmzi olaraq Roma
Bəyannaməsi adlanan “Barışıq üçün etiraf et” təşəbbüsünün
beynəlxalq koalisiyası Bəyannaməsi imzalanıb. Habelə rəmzi olaraq
Roma koalisiyası adlanan koalisiyanın daha çox insan hüquqları
təşkilatlarının və tanınmış şəxslərin üzvlüyünə açıq olacağı ifadə
olunub.

Konfrans İtaliya Senatının rəsmi televiziyası və youtube kanalı
vasitəsilə canlı yayımlanıb.

Teqlər: