Xocalı soyqırımı qurbanlarının anılmasının 30-cu ildönümü
çərçivəsində 1 mart 2022-ci il tarixində İtaliya Senatının mətbuat
konfransı zalında “Tanınma yolu ilə barışıq: sülh
quruculuğu və keçid ədaləti” mövzusunda konfrans
keçirilib. İtaliya parlamentinin üzvləri, insan haqları
təşkilatlarının, akademik və media çevrələrinin nümayəndələrinin
iştirak etdiyi tədbir İtaliya Senatının “İrəli,
İtaliya” partiyasından olan üzvü, İtaliyanın Mərkəzi
Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə
heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü
ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi
ilə birgə təşkil olunub.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzindən AzerTimes-a
bildirilib ki, konfrans iştirakçılarını salamlayan senator Urania
Papatheu ilk söz İtaliya Deputatlar Palatasının üzvü,
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının
sədri, deputat Rossana Boldiyə verib. 44 günlük Vətən
müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
səfərini və şahidi olduğu dağıntıları xatırladan deputat R.Boldi
müharibənin artıq arxada qaldığını, sülh və dialoq vaxtının
gəldiyini və hazırkı tədbirin bu prosesə böyük töhfə verə
biləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra təşəbbüs barədə məlumat verən senator Urania Papatheu
Xocalıda baş vermiş hadisələri xatırladaraq, orada törədilmiş
vəhşiliklərin İtaliyada da soyqırımı cinayəti kimi tanınmalı
olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Konfransda çıxış edən İtaliya İnsan Hüquqları
Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio
Stanqo Xocalı hadisəsinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı
Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında
Konvensiyaya uyğun olaraq soyqırım cinayəti kimi tövsif edildiyini
ifadə edib.
A.Stanqo 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərini
azad etməsinə baxmayaraq Xocalıya ədalətin hələ tam bərpa
olunmadığı, həm Azərbaycan, həm də Ermənistan liderlərinin “yeni
səhifə açmaq” və “regionda sülh erası”na başlamaq niyyətlərini
bəyan etdiklərini nəzərə alaraq, hazırkı tədbirin məqsədinin
tanınma, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin
kölgəsini aradan qaldırmağa kömək etmək üçün güclü beynəlxalq
vasitəçiliyi araşdırmaq olduğunu qeyd edib. Bununla bağlı,
professor A.Stanqo 23 fevral 2022-ci il tarixində ATƏT-in Vyanadakı
baş qərargahında keçirilmiş iclasda elan olunmuş Soyqırımı və
kütləvi vəhşiliklərin qarşısının alınması üzrə Budapeşt Mərkəzinin
“Barışıq üçün tanı” təşəbbüsünü alqışladığını bildirib və bu
təşəbbüs barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Konfransda daha sonra Avropa Müsəlmanlarının Sosial Birlik
Təşəbbüsünün Baş katibi, Danimarka İnsan Haqları İnstitutu
şurasının üzvü Başi Qureyşi, Vicdan azadlığı Uğrunda Dərnəklərin və
Fərdlərin Koordinasiyasının prezidenti Thierry Valle (Belçika) və
Bursa Uludağ Universiteti rektorunun müşaviri, Universitetin
beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in
keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent
Şenay (Türkiyə) çıxış edib.
Konfransda, həmçinin vurğulanıb ki, Avropanın və dünyanın
üzləşdiyi misli görünməmiş çağırışlar dövründə vətəndaş cəmiyyəti
üzvlərinin bu cür təşəbbüsləri planetin münaqişə təhlükəsinin,
xüsusilə, münaqişədən sülhə keçilməsi imkanlarının olduğu yerlərdə
azaldılması üçün son dərəcə əhəmiyyətlidir.