İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
AzerTimes məktubun mətnini təqdim edir:
“IX Qlobal Bakı Forumunda iştirak etməyim barədə Sizin dəvət məktubunuzu aldım.
Təəssüf hissi ilə Sizə bildirməliyəm ki, qrafikimdə olan institusional öhdəliklər səbəbindən bu tədbirdə iştirak edə bilməyəcəyəm.
Mən əminəm ki, builki Forum da faydalı fikir mübadiləsi üçün imkan yaradacaq. Seçdiyiniz mövzu – “Qlobal dünya nizamına təhdidlər” bu niyyətin ifadəsidir.
Pandemiyanın iqtisadi və sosial təsirləri, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün dəhşətli nəticələri ilə hazırkı kontekst tələb edir ki, biz xalqlar arasında dialoq və əməkdaşlıq dəyərlərini daha böyük əzmlə təbliğ etmək məsuliyyətini öz üzərimizə götürək.
Beynəlxalq nizamın getdikcə pozulması riski ilə yanaşı, imperializm və militarizm təhlükəsinin yenidən meydana çıxması fonunda Bakıda keçirilən bu tədbir kimi təşəbbüslər daha da böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüslər müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə sistemli qarşılıqlı əlaqə və digərlərinin mühüm ləyaqətinin eyni dərəcədə tanınmasına əsaslanır ki, bunlar da dünyada sülh və sabitliyin təmin olunmasının əsas elementləridir.
Fəaliyyətinizə dərin ehtiramımı bildirməklə mən Qlobal Bakı Forumunun işinə səmimi-qəlbdən uğurlar diləyir və Sizə ən xoş arzularımı çatdırıram”.