İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir – Könül Nurullayeva

Xəbər - Elçin Mehdiyev – Trend:

İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr üzrə daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”nin qəbul olunması ədalətli yanaşmanın göstəricisidir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, biz bütün ölkələrin ən azı İtaliya qədər ədalətli və obyektiv mövqe tutmasını arzulayırıq:

“İtaliyalı həmkarlarımız işğaldan azad edilmiş ərazilərin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə xəritələrin verilməsini istəyir. Bu məsələ ilə bağlı bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli və xarici KİV-lərin təmsilçiləri üçün keçirdiyi mətbuat konfransında da bəyan etmişdi ki, hazırda ərazilərin minalanması əsas çətinlikdir və bu, cinayət hesab edilə bilər.

Çünki hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Erməni tərəfinin bu cür qeyri-səmimi davranışı əlbəttə ki, qınaq obyektinə çevrilməlidir. Prezidentin də söylədiyi kimi, sözdə bir cür danışıb, əməldə başqa cür hərəkət etmək qəbuledilməzdir.

Çünki Azərbaycan bütün qaydalara riayət edərək 10 noyabr razılaşmasının müddəalarını məsuliyyətlə icra edir”.

Deputat vurğulayıb ki, Azərbaycan hərbi əsirlərin, həlak olanların cəsədlərinin verilməsində hər hansı çətinlik yaratmır: “Lakin minalanmış sahələrin xəritələrini verməkdən boyun qaçırmaq dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və əlilliyə məhkum etmək deməkdir. Bu mənada dövlət başçımızın da söylədiyi kimi, birtərəfli əməkdaşlıq ola bilməz.

Yəni, faktiki Ermənistan işğal dövründə özünü necə aparırdırsa, post-müharibə dövründə də eyni yanaşmanı sərgiləyir. Bu prosesdə beynəlxaq səviyyədə qınaq zəruridir. Çünki işğal dövründə beynəlxalq birlik tərəfindən yetəri qədər qınanılmayan, işğalçı qismində təzyiq və sanksiyalara məruz qalmayan Ermənistan daha da arxayınlaşdı və aqressivləşdi. Münaqişənin İtaliya parlamentinin qətnaməsində də qeyd edildiyi kimi, onilliklər ərzində həll olunmamasının əsas səbəbi məhz bu idi.

Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qarşıya qoyulub. Bu, əslində çox doğru presedentdir. Bu presedent birbaşa regionun sürətli inkişafını şərtləndirir”.

Teqlər: