İtaliya Nazirlər Şurasının Sədri Prezident İlham Əliyevə zəng edib

Martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri
Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.

Telefon söhbəti zamanı bu il Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyinin qeyd olunduğu bildirilib. Bu müddət ərzində iki ölkə
arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlməsindən məmnunluq ifadə olunub.

Söhbət əsnasında Azərbaycan və İtaliya arasında iqtisadi,
ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu
bildirilib. Enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun
tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin
əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft
təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutur.

Telefon danışığı zamanı mədəniyyət və təhsil sahələrində həyata
keçirilən uğurlu əməkdaşlıq layihələri müzakirə olunub və bu
xüsusda Bakıda İtaliya-Azərbaycan universitetinin yaradılmasının
əhəmiyyəti vurğulanıb.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın
gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və
qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını
bildiriblər.

Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada
cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: