İtaliya-Azərbaycan Universitetinin inşası nə yerdədir?

İtaliya-Azərbaycan Universitetinin inşası nə yerdədir?

Bakıda İtaliya-Azərbaycan Universitetinin inşası davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşündə bildirilib.

C.Bayramov çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edərək Azərbaycan və İtaliya arasında baş tutmuş ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 və 2022-ci illərdə İtaliyaya, habelə digər yüksək səviyyəli səfərlərin bu strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm oynadığını vurğulayıb.

İki ölkə arasında güclü siyasi əlaqələrdən bəhs edən C.Bayramov neft-qaz və hazırda elektroenergetika sahəsində reallaşan layihələrin bu əlaqələrdə təməl rol oynadığını bildirib.

Bu gün Mingəçevir şəhərində yeni 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının mühüm hadisə olduğunu qeyd edən nazir layihənin İtaliya-Azərbaycan dostluğunun daha da genişlənməsi nöqteyi-nəzərindən vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğu diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələrinə də toxunan nazir Ceyhun Bayramov ötən il İtaliyanın sabiq xarici işlər naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən bəhs edib.

Nazir eyni zamanda, qarşı tərəfə Vətən müharibəsindən sonra postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə ətraflı məlumat verərək İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Həm 30 illik işğal dövründə Ermənistanın işğalçılıq fəaliyyəti, həm də postmünaqişə dövründə sülh prosesinə törətdiyi maneələr barədə ətraflı məlumat verilib.

İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biri olduğunu vurğulayan nazir ölkəmiz üçün ən vacib hesab olunan layihələrin məhz İtaliya şirkətlərinə həvalə edilməsindən məmnunluğunu ifadə edib.

Adolfo Urso öz növbəsində ölkəmizə səfərlərini, o cümlədən Vətən müharibəsi başa çatdıqdan sonra italyan parlament nümayəndə heyətinin tərkibində Azərbaycana, habelə işğaldan azad edilmiş ərazilərə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Urso iki ölkə arasında geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.

Teqlər: