İtaliya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bunu AzerTimes-a Milli Məclisin mayın 17-dən 19-dək İtaliyada rəsmi səfərdə olan nümayəndə heyətində təmsil olunan deputat Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, səfər çox yüksək səviyyədə keçdi: “Proqrama uyğun olaraq İtaliyanın yüksək rütbəli rəsmiləri ilə səmərəli görüşlər keçirildi. Görüşlərdə bundan sonra da İtaliya-Azərbaycan əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi, yeni müstəviyə çıxması, hər iki tərəfi maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri, bərpa işlərində İtaliya şirkətlərinin iştirakı barədə müzakirələr keçirildi. Nümayəndə heyətinə rəhbərlik edən Milli Məclisin sədri Sahibə Qafarova görüşlər zamanı ermənilərin 10 noyabr sazişinə baxmayaraq təxribatlara əl atması, sərhəddə baş verən hadisələr barədə gerçəkliklər haqqında İtaliya rəsmilərinə geniş məlumat verdi və İtaliyanın 44 günlük müharibə zamanı ədalətli mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin möhkəmlənməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir”.

Deputat vurğulayıb ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra sıx münasibətlər qurduğu ilk ölkələrdən biri İtaliyadır: “Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci ildə İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında məhz ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. Bu, İtaliyanın Azərbaycanla münasibətlərə ilk vaxtlardan böyük əhəmiyyət verməsinin göstəricisidir.
Bu gün iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx və səmərəli əməkdaşlıq mövcuddur. İtaliya ilə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahədə sıx əməkdaşlıq edir. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra dekabrın 6-da İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfəri, eyni zamanda Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində olması iki ölkə arasında dostluq və əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərdi.

İkitərəfli əməkdaşlıq haqqında danışarkən mədəni-humanitar sahədə sıx əlaqələri qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması da bu sahədə əməkdaşlığın yüksək olmasının bariz nümunəsidir.

Ticarət əməkdaşlığı ölkələrimiz arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən bu ilin birinci rübündə Azərbaycanın neft-qaz məhsullarının ixracının ən böyük hissəsi, 35,5 faizi İtaliyanın payına düşür. Qeyri neft-qaz məhsullarının ixracı üzrə də İtaliya Azərbaycanın ən sıx tərəfdaşı olan ölkələr sırasındadır. Həmçinin ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərində də İtaliyanın əhəmiyyətli payı mövcuddur.

Bütün bu amillər iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlığın mövcud olduğunu göstərir. Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək”.

Teqlər: