İtaliya yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyə, ikincisi isə İtaliyadır.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “La Repubblica” qəzetinə müsahibəsində azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətindən danışarkən bildirib.
Bunun təsadüfi olmadığını qeyd edən Prezident deyib: “Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb”.
Dövlətimizin başçısı vurğulayıb ki, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və yenidənqurma işlərində daha çox italyan şirkətləri iştirak edəcək.