İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib – Nazirlik

Xəbər - Ceyla Əliyeva – Trend:

İsveçrənin Azərbaycanda investisiyaları qeyri-neft sektorunda cəmləşib.

Bunu AzerTimes-a İsveçrə İqtisadiyyat, Təhsil və Elm Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Azərbaycan şirkətləri ilə biznes aparılması və bu ölkəyə investisiya qoyulması barədə qərarın icrası İsveçrənin özəl sektorunun öhdəsinə düşür.

Qeyd olunub ki, Azərbaycanla iqtisadi əməkdaşlıqla bağlı İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) özəl sektorun inkişafına və makroiqtisadi dəstəyə diqqət ayırır:


“2020-ci ildə SECO vergilər sahəsində 1,6 milyon dollar dəyərində proqramın müddətini uzadıb. Bu proqram vergi ödəyiciləri reyestrinin, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, eləcə də Azərbaycanda qeyri-rəsmi iqtisadiyyat probleminin həllinə yönəlib. Pandemiyanın sosial-iqtisadi fəsadlarını nəzərə alaraq, proqram Dövlət Vergi Xidmətinin dəstəklənməsi üzrə qısamüddətli tədbirləri də əhatə edir. SECO-nun iqtisadi əməkdaşlığı və inkişafı əvvəlki kimi Azərbaycanda həyata keçiriləcək, gələcək tədbirlər 2021-2024-cü illər üzrə beynəlxalq əməkdaşlıq strategiyası ilə razılaşdırılacaq”.

(Tərcümə: Orxan Nəbiyev)