İsveçrədə hər kəsi heyrətə salan hadisə baş verib. On minlərlə avro dəyərindəki pul kanalizasiyaya atılıb.
İndi ölkə prokurorluğu naməlum şəxslərin nə üçün kiçik sərvət dəyərindəki bu pulları tualetə ataraq, üzərindən su çəkdiyini araşdırır.
Qəribə hadisə maliyyə holdinqi olan UBS Group AG-nin Cenevrə bürosunda olub. İlk olaraq bir neçə ay öncə bank saxlancının ayaqyolundan 500 avroluq əskinaslar tapılıb. Bir müddət sonra yaxınlıqdakı 3 restoranın ayaqyolunda kanalizasiyalar tutulub. Santexniklər boruları təmizləyərkən oradan çıxanlara özləri belə inana bilməyiblər.
İşə polis cəlb edilib. Diqqət çəkən məqam isə atılan pulların çoxunun qayçı ilə kəsilməsi olub. “İsveçrədə pulların məhv edilməsi cinayət hesab edilmir. Amma biz bu qeyri-adi faktının üstünü açmaq üçün araşdırmaya başlamışıq”, deyə Cenevrə prokurorluğunun nümayəndəsi bildirib. “UBS”də baş verən hadisə barədə hər hansı şərh verməkdən imtina edib.
Maraqlıdır ki, bu hadisə bir neçə ay öncə baş versə də, informasiya yeni yayılıb.
Qeyd edək ki, bənzər hadisə 2014-cü ildə Almaniyada da baş vermişdi. Alman loterayadan qazandığı 400 min avronu tualetə atmışdı.