İsveçrə və Belçikada koronavirusla bağlı vəziyyətin pisləşməsi və “omikron” ştammının yaranması ilə əlaqədar epidemioloji məhdudiyyətləri gücləndirmək qərarına gəliblər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Guardian” qəzeti bildirib.
İsveçrə Federal Şurası xəstələnmə vəziyyətini son dərəcə kritik hesab edir. “Omikron” ştammına yoluxmasının üç halının aşkar edilməsini nəzərə alaraq, məmurlar maska rejimini sərtləşdirməyə qərar verdilər: peyvənd sertifikatları tələb olunan yerlərdə maskalar taxmaq lazim olacaq.
Belçikanın Baş naziri Aleksandr De Kroo mövcud vəziyyəti son dərəcə çətin adlandırdı və koronavirusla bağlı tədbirlərinin sərtləşdirildiyini açıqladı. Xüsusən də maska taxmağın məcburi olduğu yerlərdə maska rejimi 6 yaşdan yuxarı uşaqlara da şamil olunacaq.
Məktəblərdəki siniflərdə iki yoluxma halı aşkar edilərsə, həmin siniflər karantinə bağlanmalıdır. Eyni zamanda, hətta yoluxma olmasa belə, məktəblərdə dərslərin 50%-i distant rejimdə aparılmalıdır, bu imtahanlara aid edilmir: onlar yalnız əyani formada aparılacaq.
Dekabrın 6-dan Belçikada 200-dən çox insanın iştirakı ilə qapalı tədbirlər keçirmək qadağan ediləcək. İdman yarışlarının qapalı məkanda, lakin tamaşaçısız keçirilməsinə icazə veriləcək.