İsveçrə bankları Rusiya vətəndaşlığı olan müştərilərin hesablarını bloklamağa başlayıb. Bu, Rusiya ilə yanaşı başqa ölkələrin də pasportlarını daşıyanlara şamil olunur.
AzerTimes xəbər verir ki, bu barədə İsveçrənin “Leolex” hüquq firmasının tərəfdaşı Roman Kudinov “Vedomosti”yə açıqlamasında deyib.
“UBS və “Credit Suisse” bankının ikili vətəndaşlığı olan bir neçə müştərisi belə problemlə qarşılaşıb. Onların hamısı İsveçrədə vergi ödəyir, Rusiyada isə heç bir gəlir əldə etmir və vergi ödəmirlər”, – Kudinov bildirib.
İTSWM şirkətlər qrupunun əməkdaşı Yekaterina Popova da deyib ki, indi İsveçrə bankları müştərilərinin Rusiya ilə hər hansı əlaqələrinə baxır.
Popovanın sözlərinə görə, banklardan biri Rusiyada yaşayan qayınanasına illər öncə bir neçə 100 avro göndərən İsveçrə vətəndaşının da hesabını bağlayıb. Halbuki həmin şəxsin Rusiya vətəndaşlığı olmayıb.
Məlumata görə, İsveçrə banklarından biri Rusiya pasportunu saxlayan bir neçə İsrail vətəndaşı üçün hesab açmaqdan imtina edib. Banklar müştərilərdən Rusiya vətəndaşlığından imtinanın sənədli təsdiqini tələb ediblər.