“Kənd təsərrüfatı xidmətləri üzrə şumlama əvvəllər 1 hektar üçün 35 manata başa gəlirdisə, indi o məbləğ 55 manata qaldırılıb”.
Bu fikirləri Tarif Şurasının qərarı ilə yanvarın 5-dən etibarən, Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artırılması fonunda bəzi ərzaq və qeyri-ərzaq məhsullarında müşahidə olunan bahalaşmanı şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.
İqtisadçının sözlərinə görə, yanacağın qiymətinin artırılması zəncirvari olaraq, mal və xidmətlərin də bahalaşmasına səbəb olur:
“Əgər ölkəmizdə təklif üzərində qurulan bazar iqtisadiyyatı mövcuddursa, malları və xidmətləri təklif edən sahibkarlar maya dəyərinə yanacağın artan sərfiyyatını da gəlməyəcəklərsə, o zaman nə etməlidirlər?
Bu baxımdan, istənilən qiymət artımı zəncirvari olaraq, mal və xidmətlərin bahalaşmasına səbəb olur. Hazırda bəzi rayonlarda şumlama vaxtıdır. Artıq məlumatlar yayılır ki, kənd təsərrüfatı xidmətləri üzrə şumlama əvvəllər 1 hektar üçün 35 manata başa gəlirdisə, indi o məbləğ 55 manata qaldırılıb.
Elə məhsullar var ki, onların maya dəyərində dizel yanacağı və ya benzinin payı 50-60 faizdir. Enerji daşıyıcılarından istifadə olunan istənilən mal və xidmətlərin maya dəyərinin ən azı 20 faizini yanacaq təşkil edir.
Ona görə də, yanacağın bahalaşmasından bir müddət sonra əksər mal və xidmətlərdə 1, 5, 10, hətta 20 qəpiklik artım müşahidə olunacaq. Nəzərə alaq ki, malın və ya xidmətin maya dəyərində yanacağın payı olmayan sahibkarların özləri də istehlakçıdırlar. Həmin sahibkarlar hər hansı bir məhsulu alarkən artan xərclərini qarşılamaq üçün öz xidmətlərində artım etməli olacaqlar.
Demək olar ki, qiymət artımından bütün kateqoriyalar təsirlənəcək. O baxımdan, mal və xidmətlərdə qiymət artımının qarşısını almaq üçün hökümət bu fərqi ya subsidiya ilə aradan qaldırmalı, ya da müəyyən kateqoriyalar üzrə müavinətlər, pensiyalar və əməkhaqqını artırmalıdır. Bu gedişat isə yenə zəncirvari qaydada inflyasiya yarada bilər. Nəticədə qiymət artımı hamıya təsir edəcək və iqtisadiyyatda neqativ tendensiyaları gücləndirəcək”.
Gülşən Şərif
www.yenicag.az