Vətəndaşların hər gün qarşılaşdığı problemlərdən ən böyüyü istehlakçı hüquqlarının pozulması hallarıdır. Bu halların qarşısını almaq və istehlakçıların hüquqlarını qorumaq vəzifəsi isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə düşür.
Alınan məlumatlara əsaslanaraq, habelə özümüzün də başına gələn halları analiz etdikdə görürük ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti heç də ürək açan deyil. İlk növbədə qeyri-rəsmi cavablar və ya Vətəndaşların Qəbulu haqqında Qanuna əsasən 15 iş günü ərzində müraciətlərin cavablandırmaması, dövlət orqanının səlahiyyətləri çərçivəsində hərəkətsizlik etmələri tam bəllidir.
Təbii ki, bütün dövlət orqanlarının fəaliyyətində baş verən qanunsuz hərəkətlərə və ya hərəkətsizliyə nəzarət edən orqan isə Respublikanın Baş Prokurorluğudur. Baş Prokurorluğa müraciət edildikdə, sanki vətəndaş günahkardır və həmin şəxs öz hüquqlarını bərpa etmək üçün süründürülməlidir.
Vətəndaş hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunduqda, qanunun tam tündlüyü ilə şəxs cəzalandırılır. Dövlət orqanına və ya vəzifəli şəxsə gəldikdə isə qanunun tətbiqi yaddan çıxır. Çox təəssüf olsun ki, bu hallar hər gün və dəfələrlə baş verir, qanunun aliliyinə ləkə gətirir.
İstehlakçı hüquqlarını pozan istənilən fərdi sahibkar yaxud hüquqi şəxs məsuliyyət daşıyır, satdığı məhsula və ya göstərdiyi xidmətə görə vətəndaşa ziyan dəyirsə, bunu kompensasiya etməli yaxud boyun qaçırdığı təqdirdə məsuliyyətə cəlb olunmalıdır.
İstehlakçı hüquqlarını pozan istənilən fərdi sahibkarın və hüquqi şəxslərin adları məhz bu məqalədə qeyd olunacaq və şikayətlər gəldikcə, bu tip hallar aşkarlandıqca məqaləyə adlar əlavə ediləcək.
İndi isə uyğun olmayan və ya yararsız məhsul satan və ya düzgün xidmət göstərməyən bir neçə mağazalarla tanış olaq:
1. AvtoElement (Babək filialı) – Avtomobil ehtiyat hissələri və s. satışı mağazası (Sektor-M MMC)
2. Mirİnşaat (Binəqədi şossesi, BDYPİ-nin yaxınlığı) – İnşaat materialları, ev avadanlıqları və xırdavat malların satışı mağazası
3. Laçın Mebel (Abşeron rayonu, Riyad T/M) – Mebel və yumuşaq mebel satışı və quraşdırılması