Məsciddə 30 il, 2 ay 10 gün idi ki, çalışırdım. Artıq yorulmuşam deyə istefa verdim.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında İmişli şəhər Cümə məscidinin axundu Hacı Adıgözəl Bəşirov istefa verməsi haqda danışarkən deyib.
O, könüllü şəkildə ərizə yazdığını bildirib:
“Mən qovulmamışam, özüm istefa vermişəm. Haqqımda dolaşan şayiə həqiqəti əks etdirmir”.
Əməkdaşımızın Ramazan bayramı namazını hansı gündə qılması sualına isə o, belə cavab verib:
“Mən iki gün bayram namazı qılmışam, 21 və 22 aprel tarixində. İki günün ikisində də camaat gəlib və mən onların qarşısına çıxaraq namaz qılmışam. Orada minlərlə insan gəlib məndən namaz qılmağı tələb edirsə, onların etiqadlarına hörmət etmək borcumdur”.
A.Bəşirov dünən axund olaraq son Cümə namazını qıldığını bildirib:
“Dünən namazdan sonra xudahafizləşib, əşyalarımı götürüb, evimə gəlmişəm. Bizim nəsl 450 ildir ki, axund olaraq gəlir. Ömrümüzü bu yola sərf etmişik, yenə də dövlətimizin, islam dininin və xalqımızın xidmətindəyik”.
Axund zamanında minlərlə Şəhid nəşi qarşıladığını deyib:
“1993-ci ildə çox gənc idim. O zaman 21-22 yaşım var idi. Müharibənin qızğın vaxtında minlərlə şəhid qarşılayıb ailələrinə təhvil vermişəm, gecə-gündüz qəbiristanlıqlarda olmuşam. Bir azərbaycanlı kimi əlimdən gələni edirdim ki, həmin qardaşlarımızın nəşi ailələrinə təhvil verilsin. Bütün İmişli şəhəri də bilir ki, istər aprel döyüşləri, istərsə də ikinci Qarabağ müharibəsində də xidmətimiz olub. Biz öz borcumuzu yerinə yetirmişik.
Özüm internatda böyümüşəm, ömrüm dövlətin gözünün qarşısında keçib. Mən dövlətimə, millətimə, cəmiyyətimə sadiq biriyəm. Bu gün haqqımda kimlərsə nəsə deyə bilər, amma bunlar əsassızdır. 30 il az müddət deyil. Bu müddət ərzində dinlə dövlət münasibətlərində heç bir gərginlik olmayıb. Yolumuz da, mövqeyimiz də bəlli. Allah rəhmət eləsin Heydər Əliyevə. O nə vaxt İmişliyə gəlibsə, mən qarşılamışam. Bu gün də eyni xətlə davam edirik”.
Axund bundan sora elmlə məşğul olacağını deyib:
“İstefa verməyim rayondan, xalqdan uzaqlaşmağım mənasına gəlmir. Özüm dilçi olduğum üçün çoxlu sayda tərcümə etdiyim kitablar var. Mən dilimizə düşkün biriyəm. Elmi araşdırmalarım var ki, onlarla məşğul olacağam”.
“Adıgözəl bəy, sizin haqqınızda İrana bağlı din adamı söhbətləri yayılıb. Bu iddialar haqda nə deyərdiniz? Son dəfə nə vaxt İrana səfər etmisiniz?” sualına o, belə cavab verdi:
“2018-ci ildə İraqa Ərbəin ziyarətinə gedəndə İrandan keçmişəm. Haqqımda çox söz deyə bilərlər. Azərbaycanda böyümüşəm, Akademiyanı bitirmişəm və 1982-ci ildən, yəni 10 yaşımdan dövlətin gözünün qarşısındayam. Mənim İranla nə əlaqəm ola bilər axı?! Bəli, dilçi olaraq dövlət səviyyəsində fars dili üzrə tərcüməçiyəm. Bundan başqa heç bir şey ola bilməz! Əgər mənim kimləsə əlaqəm olsaydı, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışmazdım. Hətta QMİ-nin Saatlı, Sabirabad, İmişli şəhəri üzrə bölgə Qazısı olmazdım.
Bunu deyən adamlar Dövlət Təhlükəsizlik Xidmətinə (DTX), Daxili İşlər Nazirliyinə (DİN), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, QMİ-ə qarşı ittiham irəli sürürlər. Yəni bu qədər qurumun fəaliyyəti heçnədir? Siz diqqətlə araşdırın, zəhmət olmasa. Məscidlərin açılışlarında hər zaman cənab Prezidentin də, Allahşükür Paşazadənin də yanında olmuşam. Belə çıxır ki, Prezident kimin necə olduğunu bilmir? Mənim elə işim olsaydı, sizcə, Prezidentin olduğu yerdə ola bilərdim? Məni tanıyan hər kəs bilir ki, Azərbaycanı heç kimə satmaram!”