BAKI, Azərbaycan, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.
Bu material Quliyev Şəhriyar Nəsib oğluna həsr edilmişdir…
– Salam, Şəhriyar.
– Salam.
– Danışaq?
– Əlbəttə!
– Sən həmişə hərbçi olmaq istəmisən?
– Bəli, mən Xüsusi Təyinatlı Qüvvələrin döyüş qrupunda kəşfiyatçı olmuşam. Hətta qismət olub, 2016-ci ildə Aprel döyüşlərində iştirak etmişəm.
– Bəs 2020-ci ildə?
– Cəbrayıl, Füzuli və Hadrut (Suqovuşan) rayonlarında döyüşdüm. Sonra isə Qubadlıdan Şuşaya çatmaq qismət olmadı.
– Şəhriyar bildiyimə görə iki övladın var, Camal və Ramal. Evdə olarkən onlarla çox başın garışırdı?
– Təbii, amma evdə o qədər də oturmurduq, mən gəzməyi xoşlayırdım, uşağları və yoldaşımı tez-tez harasa aparardım. Hərbçi həyatı adətən çətin olur, amma çalışırdım ki, yoldaşıma və oğullarıma ailə həyatının gözəlliyini göstərim.
– Bəs özünə vaxt ayırırdın?
– Boksla məşqul olurdum, idmanla aram yaxşı idi. Çalışırdım hər gün idmanla məşqul olum. Sonra da müharibəyə aid olan köhnə kinolara baxmağı xoşlayırdım. Camalla Ramalı yanımda otuzdurardım ki,birqə baxaq. Həmişə deyirdim ki, Qarabağı alandan sonra ailəvi oralara istirahətə gedərik…
– Şəhriyar, eşitmişəm Pərvinə şeirlər yazmısan?
– Hə, ona sürprizlər eləməyi xoşlayırdım. Bir dəfə evə gül gətirdim. Oğlum soruşdu ki, ata gülü kimə almısan? Dedim güllər bir yerdə olmalıdılar, ona görə gülləri ən gözəl gülə almışam (gülür).
– Şəhriyar, nə gözəl anlar yaşamısız… Əsl sevgi belə olurmuş…
– Bəli… Bilirsiniz, mən çox xoşbəxtəm ki, Pərvin mənim həyatımda olub, mənə iki gözəl oğul bəxş edib. Beş il evli olduq, elə bil ki, ömrümün ən gözəl illəri məhz bu beş il ərzində olub.
– Şəhriyar, həyat sənin üçün nədir?
– Həyat – yaşayaraq sevmək deməkdir. Sevgi dolu həyat yaşamaq.
– Dərin nəfəs alaraq?
– Bəli. O ki, mənzərəli yerlərə gedirsən, oranın qoxusunu yadda saxlamaq üçün dərin nəfəs alırsan ha, bax elə yaşamaq.
– Dediyini çox gözəl başa düşürəm…
– Bilirsiniz, o dərin nəfəsi mənim oğullarım Qarabağda ala biləcəklər. Yoldaşım birinci oğluma hamilə galanda mən aprel döyüşlərində idim, elə bil ki, dünyanı mənə verdilər! (gülür)
– Şəhriyar, o qədər müsahibə götürmüşəm, amma belə romantik insan indiyə kimi görməmişəm. Bu xasiyyətdən irəli gəlir yoxsa sevgidən?
– Sevgi insanın xasiyyətini dəyişir (gülür). Deyəsən Pərvin sizə mənim ona tut gətirməyimdən danışıb! Hamilə idi, tut istəyirdi, xəstəxanaya da buraxmırdılar, bir təhər o iki kilo tutu pəncərəyə galdırdım (gülür).
– Şəhriyar, bəs müharibənin səsi nə olan şeydir?
Şəhriyar bir anlıq susdu, sonra mənə baxıb dedi:
– Müharibənin səsin mən heç eşitmədim ki, çünki qulağımda Camalın səsi var idi.
– Nə deyirdi ki?
– Canım atam, ürəyimsən mənim, mən səni öpürəm! İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı…