İstanbuldan gələn azərbaycanlılarda külli miqdarda “iPhone” və “smart” saatlar aşkarlanıb (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli
miqdarda mobil telefonların və “smart” saatların ölkənin gömrük
sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını
alıblar.

Dövlət Gömrük Komitəsindən
Trend
-ə verilən məlumata görə, İdarənin Əməliyyat və təhqiqat
idarəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların
qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə məlumat daxil
olub.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası
vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük
nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən
saxlanılıb və “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara
məxsus əşyalar rentgen aparatından keçərkən, üç ədəd çantada mobil
telefonlara bənzər təsvirlərin əks olunduğu müşahidə edilib.
Yoxlama otağına dəvət olunan vətəndaşlara məxsus üç ədəd çantanın
içərisindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi,
elektron və yazılı formada bəyan olunmayan 121 ədəd “iPhone 13 Pro”
və 1 ədəd “Samsung S 21 markalı mobil telefonlar, 6 ədəd “Airpods
Pro” markalı qulaqlıq, 165 ədəd “İ-Watch” markalı saat və 3 ədəd
qidalandırıcı başlıq aşkarlanıb.


Teqlər: