Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazir qeyd edib ki, partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb:
“Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik.Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.
Yaralıların durumu ilə bağlı məlumat verən nazir vurğulayıb ki, onlardan 5-i hazırda reanimasiyadadır, ikisinin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.