İstanbulda üç ölkənin iştirakı ilə görüş keçirildi – Foto

İstanbulda üç ölkənin iştirakı ilə görüş keçirildi – Foto

İyulun 21-də İstanbulda Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşü keçirilib.

AzerTimes xəbər verir ki, görüşdən əvvəl tədbirin icraiyyə iclası olub. İclasda təşkilatı məsələlərə baxılıb, parlament rəhbərləri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında deyib ki, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli əməkdaşlıq formatı böyük əhəmiyyətə malikdir. Qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsi müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini və gücləndirilməsini labüd edir. O qeyd edib ki, ölkələrimizin bir sıra qurumları, o cümlədən parlamentlərimiz arasında üçtərəfli formatda sıx əməkdaşlığın davam etdirilməsi bu prosesə əhəmiyyətli töhfə verir.

Sonra Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşü başlayıb. Tədbirdə açılış nitqi ilə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop iştirakçıları salamlayıb. Bu üç ölkə arasındakı münasibətlərin digər ölkələrə bənzəmədiyini vurğulayan məclis rəhbəri deyib:

“Aramızdakı qardaşlıq bağı ortaq tarix, mədəniyyət, din ilə davamlı bəslənib güclənərək, daha da inkişaf edərək çox az millət və ölkənin çata biləcəyi səviyyədədir. Türkiyə, Azərbaycan və Pakistan İslam dünyasının ən böyük demokratiyalarından üçü olaraq önə çıxır. Ölkələrimiz və xalqlarımız arasındakı müstəsna münasibət ən çətin dövrlərdə qarşılıqlı dəstəklə özünü göstərib”.

Azərbaycanın Qarabağ bölgəsində ədalətin bərqərar olduğunu qeyd edən Mustafa Şentop bundan sonra açılacaq Zəngəzur Dəhlizinin bölgədə iqtisadi rifahı artıracağını bildirib. Görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamenti adından iştirakçıları salamlayaraq, bu tədbirin keçirilməsinə yaradılan şəraitə və səmimi qonaqpərvərliyə görə Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə, professor Mustafa Şəntopa minnətdarlığını bildirib. Milli Məclisin sədri bu görüşdə aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların üçtərəfli əməkdaşlığın ölkələrimizin və xalqlarımızın maraqları və rifahı naminə daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Spiker bildirib ki, bir neçə gün öncə qardaş Türkiyə xalqı 15 İyul – Demokratiya və Milli Birlik Gününün 6-cı ildönümünü qeyd edib.

Teqlər: