İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul şəxslərin 4-cü toplantısı keçirilir

Mayın 14-də İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media
və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli
rəsmilərinin 4-cü toplantısı işə başlayıb.

AzerTimes-ın məlumatına görə,
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev
sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Toplantı nümayəndə heyətləri arasında media üçün qapalı şəraitdə
keçirilən görüşlərlə başlayıb.

Sonra tədbirin rəsmi hissəsi keçiriləcək.

TDT-yə üzv dövlətlər – Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və
Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının
əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində
əməkdaşlığı möhkəmləndirməkdir.

Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının
yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal
gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı
işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar
dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclaslarının
keçirilməsi nəzərdə tutulur.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından
media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər,
sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı
ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya
fakültələrinin tələbələri qatılıblar.

Tədbir bədii hissə ilə başa çatacaq.

Teqlər: