Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda sabah keçirilməsi nəzərdə tutulan “3+3” regional platformasının iclasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması prosesinə Ankaranın dəstəyini vurğulayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Onun çıxışında Ankaranın səylərinin Qafqazda sülh və sabitliyin bərqərar olmasına yönəldiyini deyəcəyi gözlənilir. Nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin də Ankara tərəfindən dəstəkləndiyini vurğulayacaq”, – mənbə bildirib.
Diplomatik mənbə qeyd edib ki, görüş iştirakçıları münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayan birgə bəyanat qəbul edəcək:
“İclasın sonunda iştirakçı ölkələr birgə bəyanat qəbul etməyi planlaşdırır. Bəyanatın mətnində region ölkələri arasında problemlərin BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər əsasında dialoq yolu ilə həllinin zəruriliyi vurğulanacaq. Bəyanatın mətnində həmçinin regional iqtisadi əməkdaşlığın, etimadın yaradılmasının və rifahın artırılmasının vacibliyini qeyd etmək planlaşdırılır”.
Qeyd edək ki, “3+3” formatında iclas 18 oktyabrda İstanbulda keçiriləcək.