İstanbul və Türkiyənin bir sıra kurort şəhərlərində əlverişsiz hava şəraiti ilə əlaqədar aviareyslərdə ləngimələr və təxirə salınması halları müşahidə olunur. İstanbulda leysan bir neçə saatdır davam edir.
AzerTimes xəbər verir ki, İstanbulda leysan bir ay davam edən kəskin quraqlıqdan sonra başlayıb. Şəhər kənarında bir sıra ərazilərdə daşqın müşahidə edilsə də, turizm mərkəzlərində vəziyyət normal həddə olub. Sinoptiklər növbəti güclü leysanın olacağı ilə bağlı xəbərdarlıq edirlər.
Qeyd edək ki, Türk Hava Yolları rəsmisi Yahya Üstün X sosial media şəbəkəsində çətin hava şəraiti ilə əlaqədar olaraq, ilk növbədə İstanbul ilə Antalya, Ərzurum, Sivas və Qəhrəmanmaraş şəhərləri arasında daxili reyslərdə mümkün gecikmə və uçuşların təxirə salınması ilə bağlı xəbərdarlıq edib. Bununla belə, hava limanları və hava yollarının veb-saytlarındakı məlumatlardan göründüyü kimi, gecikmələr və ləğvlər beynəlxalq istiqamətlərə də təsir edib.