İstanbul sazişi: Türkiyə hər kəsə yerini göstərdi – Şərh

İstanbul sazişi: Türkiyə hər kəsə yerini göstərdi – Şərh

Bu gün İstanbulda Türkiyə, BMT, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə əvvəlcədən razılaşdırılmış mətn üzrə İstanbulda müqavilə imzalanacaq. Belə bir müqavilənin imzalanması çox böyük strateji və siyasi əhəmiyyət daşıyır, həm də Türkiyənin dövlət kimi ağırlığını, gücünü və ona olan etibarı göstərir.

Bu sözləri AzerTimes-a İstanbulda taxıl dəhlizi ilə bağlı imzalanacaq müqavilə haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professorun sözlərinə görə, taxıl dəhlizinin açılması haqqında razılıq son aylarda aparılan gərgin və aktiv danışıqların, müzakirələrin nəticəsidir:

“Ukraynada ağır müharibə hələ davam edir, tərəflər bir-birilərinə etibar etmirlər və müzakirələr başlayanda onun müsbət nəticələnəcəyinə ümidlər az idi. Ukrayna minaların təmizlənməsi, eyni zamanda açılacaq koridorun silah daşınması və s. baxımından istifadə edilə biləcəyindən narahat idi. Digər tərəfdən burada ən önəmli məsələ Montrö müqaviləsinin şərtlərinin qorunmasıdır. Bildiyimiz kimi, müxtəlif ölkələr taxılın daşınması üçün yük gəmilərini hərbi gəmilərin müşayiəti ilə Qara dənizə göndərmək istəyirdilər. Lakin sözügedən müqavilənin şərtləri və balans pozulmasın deyə, Türkiyə məsuliyyəti öz üzərinə götürdü. Belə müqavilələrin imzalanması o qədər də bəsit məsələ deyil. Hazırda ABŞ da Rusiyanı taxıl məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadədə günahlandırsa da, İstanbulda imzalanacaq müqavilədən razıdır. Türkiyə üçün çox böyük, ciddi siyasi və tarixi bir uğurdur. Türkiyə BMT TŞ-nin həll edə bilmədiyi qlobal bir problemin həlli üçün hətta müharibə gedə-gedə tərəflərin razılaşmasına nail olaraq dünyanın beşdən böyük olduğunu və beynəlxalq təhlükəsizlik sistemindəki yerini hər kəsə göstərdi. Müqavilənin imzalanmasının qarşıdakı həftələrdə sülh danışıqlarının bərpası üçün də əlverişli zəminin formalaşmasına da öz müsbət təsirini göstərməsi mümkündür”.

Teqlər: