İstanbul konsulluğu nəzdində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

İstanbul konsulluğu nəzdində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlər bütün istiqamətlər üzrə ən yüksək səviyyəyə çatıb, iqtisadi əməkdaşlıq isə koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, genişlənib.

“İki ölkə arasında ticarət dövriyyəsi 7 faiz artaraq 4,1 milyard dollara çatıb. Bu il qüvvəyə minmiş elektron ticarət sazişinə uyğun olaraq bu potensialın artırılması üzrə danışıqlar davam edir. Gələn il İstanbul konsulluğu nəzdində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır”, – deyə o bildirib.


Nazir müavini əlavə edib ki, Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərindəki layihələrdə iştirakı üçün əlavə sazişlər imzalanıb.

O bildirib ki, eyni zamanda regional münasibətlər genişlənməkdə davam edir və Azərbaycan Türkiyəyə iri investisiyalar yerləşdirir.

(Tərcümə: Orxan Nəbiyev)