İşsizlik probleminin aradan qaldırılması üçün səylər artırılmalıdır – Deputat

Dövlət tərəfindən “Məşğulluq marafonu” çərçivəsində şəhid ailə
üzvlərinin, müharibədə xəsarət almış şəxslərin və müharibə
iştirakçılarının məşğulluğunun təmin edilməsi yüksək
dəyərləndirilməlidir. Bununla belə, məşğulluq probleminin aradan
qaldırılması istiqamətində səylərin artırılması məqsədəmüvafiq
olar.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin deputatı Könül
Nurullayeva bu təklifi irəli sürüb. Bununla yanaşı, deputat sosial
müdafiəyə daha çox vəsaitin ayrılmasını təklif edib, qeyd edib ki,
bu, sosial rifahın daha da yüksəldilməsinə gətirib çıxarar.

K.Nurullayeva, eyni zamanda “YAŞAT” Fondu tərəfindən qazi və
müharibə iştirakçılarına, onların yaxın ailə üzvlərinə müalicə və
psixoloji dəstək üçün daha çox vəsaitin ayrılmasını da təklif
edib.

O, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği
baxımından, eyni zamanda ölkəmizin beynəlxalq arenada idman
yarışlarında daha böyük naliyyətlər əldə etməsi üçün ümumilikdə
idmana ayrılan vəsaitin həcminə yenidən baxılmasını zəruri hesab
etdiyini bildirib:

“Çünki istər idmançıların peşəkar yarışlara hazırlığı və xarici
ölkələrə səfərləri, istərsə də yarışlarda iştirakı maliyyə vəsaiti
yetərli olmadıqda demək olar ki, mümkünsüz olur.”

Deputat həmçinin bildirib ki, aztəminatlı təbəqədən olan
ailələrin üzvlərinin təhsilə əlçatanlığının təmin edilməsi məqsədi
ilə dövlət tərəfindən “Təhsil Tələbə Krediti Fondu”nun yaradılması
və bu Fondun vəsaiti hesabına tələbələrə kreditlərin verilməsi
mütərəqqi haldır. Daha çox tələbəni əhatə edə bilməsi üçün bu
Fondun vəsaitinin artırılması, əyani təhsil alan tələbələrlə
yanaşı, qiyabi formada təhsil alan tələbələri də əhatə etməsi daha
yaxşı olardı.

O, həmçinin təhsilalanların bəzi dərsliklərə əlçatanlığının
təmin edilməsi məqsədi ilə dərsliklərin rəqəmsal nüsxələrinin
yaradılması və onlayn platformalarda yerləşdirilməsinin təhsilin
inkişafında mühüm rol oynadığını vurğulayıb. Ölkəmizdə elektron
kitab, dərslik, dərs vəsaiti, elektron kitabxana sisteminin
genişləndirilməsinə, o cümlədən dağ rayonlarında fasiləsiz
internetin təmin olunmasına böyük ehtiyac olduğunu da bildirib.

Teqlər: