İsraillə iqtisadi-ticarət əlaqələri müzakirə olunub (FOTO)

Aprelin 5-də Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel
Razvozov arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
iqtisadiyyat naziri İsrail ilə diplomatik münasibətlərin
qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik
ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi
istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Qeyd olunub
ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti
arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və
Sənaye Palatası ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın
inkişafı üçün əhəmiyyətli platformalardır. İqtisadiyyat naziri
Azərbaycanda aparılan islahatlar, əlverişli biznes və investisiya
mühiti barədə məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının
perspektivləri barədə fikirlərini bölüşüb.

İsrailin turizm naziri Yoel Razvozov ölkəsinin Azərbaycanla
əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə,
eləcə də azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə
iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın
gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin hazırkı vəziyyəti və
inkişafı istiqamətləri müzakirə olunub.

Həmin gün Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel
Razvozov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri
ilə görüşüblər.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin
(AZPROMO) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks
Kaplun Azərbaycan və İsrail biznes dairələri arasında əməkdaşlığın
genişlənməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, rəhbərlik
etdiyi qurumun fəaliyyəti və iş adamları arasında əlaqələrin
gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin nəzərdə
tutulan tədbirlər barədə məlumat verib.

İqtisadiyyat naziri iqtisadi-ticarət sahəsində əməkdaşlıqda,
işgüzar münasibətlərin inkişafında hər iki ölkənin aidiyyəti
qurumları, işgüzar dairələri arasında əlaqələrin
genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki,
ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən
olan ticarətin həcmi 2021-ci ildə 2 dəfəyə yaxın, bu ilin
yanvar-fevral aylarında isə 6 dəfə artıb. Hazırda Azərbaycanda
xidmət, sənaye, ticarət, kənd təsərrüfatı və tikinti sahələri üzrə
90-dan çox İsrail şirkəti fəaliyyət göstərir. İsraildə fəaliyyət
göstərən Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri
iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verir.

Bildirilib ki, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq davam
edir. İsraildə keçirilməsi planlaşdırılan “Investment Roadshow”
tədbiri investisiya sahəsində əməkdaşlığın inkişafı baxımından
faydalı olacaqdır.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti,
işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə
məlumat verib, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi
və səmərəli istifadəsi, alternativ enerji, turizm, səhiyyə, təhsil,
İKT, innovasiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi
imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar
mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

İsrailin turizm naziri Yoel Razvozov keçirilən tədbirlərin və
aparılan səmərəli müzakirələrin iki ölkənin qurumları və biznes
dairələri arasında tərəfdaşlığın genişləndirilməsində və birgə
layihələrin icrasında önəmini qeyd edib, iqtisadiyyatın müxtəlif
sahələri üzrə əlaqələrin inkişafı imkanları barədə danışıb.

Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əlaqələrinin
inkişafına dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran
suallar cavablandırılıb.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti və İsrailin “Rayzone” şirkəti arasında “big data”
platformasının hazırlanması və idarə olunmasına dair layihə ilə
bağlı memorandum, həmçinin “Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı” ASC ilə İsrailin “Mekorot” şirkəti arasında
konsultasiya xidmətlərinin göstərilməsi barədə müqavilə
imzalanıb.

Teqlər: